Ədliyyə nazirliyi işə qəbul üçün imtahan keçirtdi

Ədliyyə nazirliyi işə qəbul üçün imtahan keçirtdi
  16 Noyabr 2013    Oxunub:5903
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib.
Ədliyyə orqanlarının layiqli gənc kadrlarla komplektləşdirilməsi məqsədilə mütəşəkkil qaydada davam etdirilən açıq müsabiqələr çərçivəsində noyabrın 16-da növbəti test imtahanı keçirilib.

AzVision.az nazirliyin saytına istinadən məlumat verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə şəffaflığın təmin edilməsi üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş imtahanı yerli və beynəlxalq müşahidəçilər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləyib, həmçinin, formalaşdırılmış təcrübəyə müvafiq olaraq tədbirin gedişi Nazirliyin internet səhifəsi vasitəsilə "on-line" rejimində birbaşa yayımlanıb.

İmtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub. Yekun nəticələrə görə 147 namizəd müvəffəqiyyət qazanıb.

Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə çatdırılır ki, onlar söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 09-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilib.

Söhbətin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.

Test imtahanının nəticələri haqqında Ədliyyə Nazirliyinin və TQDK-nın (www.tqdk.gov.az) internet saytlarından, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə ətraflı məlumat almaq olar.


Teqlər:





Xəbər lenti