TQDK-dan abituriyentlərə yeni xəbər var

TQDK-dan abituriyentlərə yeni xəbər var
  30 Noyabr 2013    Oxunub:3368
Riyaziyyat fənni üzrə test toplusu nəşr edilib!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan riyaziyyat fənni üzrə test tapşırıqları toplusu çapdan çıxıb. Topluya 1994-2013-cü illərdə müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Topluda test tapşırıqlarının 20-25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplu test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.

Toplu nəşrə hazırlanarkən test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilib, həm məzmun, həm də formaca təkmilləşdirilib.

Test toplusu testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayacaq, ölkədə, region müəllimləri də daxil olmaqla, test tərtibi ilə məşğul olan mütəxəssislərin sayının artmasına imkan yaradacaq.

Fənn müəllimləri və metodistlər təlim prosesində bank testlərindən biliyin qiymətləndirilməsi üçün istifadə edə biləcəklər.

Abituriyentlər öyrəndikləri bilikləri bank testləri vasitəsi ilə yoxlamaq imkanı əldə edəcəklər. Testlər üzərində iş onların imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynayacaq.

Bu topludan həmçinin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcək.
Hər bir müəllim bank testləri vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edəcək.

Test toplusunda tapşırıqların düzgün cavabları da verilmişdir. Bundan məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil surətdə, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır.


Teqlər:  





Xəbər lenti