Stomatoloji klinikada ölən xəstənin həkimi danışdı

Stomatoloji klinikada ölən xəstənin həkimi danışdı
  07 Dekabr 2013    Oxunub:2953
Bakıda stomatoloji klinikada ölən xəstənin həkimi: “İlk dəfədir ki, başıma belə iş gəlir”.
“Bakıda stomatoloji kabinetdə əməliyyata hazırlanan zamanı dünyasını dəyişən şəxs vərəm xəstəsi olub və onun ölümündə bunun da müəyyən qədər rolu var”. AzVision.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəni əməliyyata götürən cərrah Baxış Hüseynov bildirib.

B. Hüseynov hadisənin baş verdiyi "VİP Dental" stomatoloji kabinetin onun tələbəsinə məxsus olduğunu açıqlayıb: “Mən neçə illərdir ki, təqaüddəyəm. Hadisə baş verən stomatoloji kabinet də mənim tələbələrimdən birinə məxsusdur. O, dəfələrlə məni həmin kabinetdə işləməyə dəvət edib. Lakin yaşımın çoxluğunu nəzərə alaraq qəbul etməmişəm. Bir ay əvvəl mən tələbəmin dəvətini qəbul etdim və müqavilə bağlayaraq onunla birgə işləməyə razılıq verdim. Təxminə bir ay idi ki orada işləyirdim”.

Xəstəsinin ölümünə səbəb ola biləcək ehtimallar barədə danışan B. Hüseynov mərhumun vərəm xəstəliyindən əziyyət çəkdiyini də açıqlayıb: “Mən bir neçə il əvvəl həmin xəstənin həyat yoldaşını da dişindən əməliyyat etmişəm. Bu əməliyyat çox uğurlu alınmışdı. Həmin əməliyyatdan razı qaldıqları üçün onlar növbəti dəfə mənə müraciət etdilər. Bir neçə dəfə onların müraciətini qəbul etmədim. Onlara bildirdim ki, mən təqaüddəyəm, işləmirəm. Lakin onlar əl çəkmədilər. Dünən yenə də zəng etdilər, təkidlə məni tələbəmin işlətdiyi stomatoloji kabinetə çağırdılar. Bu dəfə razılıq verdim və tələbəmə məxsus kabinetdə həmin xəstəni qəbul elədim. Xəstəyə ağrıkəsici vurdum. İynəni vuran kimi xəstə şoka düşdü. Nə qədər çalışsaq da, yardım etsək də alınmadı və xəstə dünyasını dəyişdi”.

B. Hüseynov xəstəyə vurulan ağrıkəsicinin yerli istehsal olduğunu açıqlayıb: “Xəstəyə vurduğum ağrıkəsici yerli istehsal idi və iynənin istifadə müddəti bitməmişdi. Mənim əlli beş illik təcrübəm var. İlk dəfədir ki, başıma belə bir iş gəlib”.

Mərhumun vərəm xəstəsi olmasının onun ölümünə müəyyən qədər təsir göstərdiyini qeyd edən B. Hüseynov bu xəstəliyin onda zəiflik yaratdığını bildirib: “Xəstənin ölümünə onun daşıdığı vərəm xəstəliyinin səbəb olması da qaçılmazdır. Çünki vərəm xəstələrinin bədəni zəifləmiş olur və mən gərək bunu nəzərə alardım. Təəssüf ki, bunu nəzərə almamışam”.

B. Hüseynov prokurorluq əməkdaşları tərəfindən dindirildiyini qeyd edib: “Dünən bütün günü prokurorluqda ifadə vermişəm. Hələlik məni məsuliyyətə cəlb etməyiblər. Qarşı tərəf şikayətçi olarsa, məsuliyyətə cəlb edə bilərlər. Hələlik şikayət yoxdur”.

Qeyd edək ki, Baxış Hüseynov uzun müddət Azərbaycan Tibb Universitetinin Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri olub. Bir neçə ildir ki, təqaüdə çıxıb.

Xatırladaq ki, ölüm hadisəsi dünən Bakıdakı "VİP Dental" stomatoloji klinikasında baş verib. Orada dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib.

Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Teqlər:  





Xəbər lenti