Brüssel İrandan təminat istəyir

   Brüssel İrandan təminat istəyir
  05 May 2025    Oxunub:408
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas keçən il dekabrın 1-də bu vəzifəyə təyinatından sonra İranın Xarici İşlər naziri Abbas Əraqçi ilə ilk görüş keçirib. Əsas müzakirə mövzusu Tehranın nüvə proqramı olub.
AzVision.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində paylaşım edən Kaya Kallas nüvə sahəsi ilə bağlı məsələlərin həllində diplomatik yanaşmanın vacibliyini, eləcə də regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Aİ-nin Ali nümayəndəsi İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırmaqla yanaşı, Aİ vətəndaşlarının İranda casusluq ittihamı ilə saxlanılmasından narahatlığını bildirib. Onun sözlərinə görə, Brüssel və Tehran arasında gələcək münasibətlər bu sahələrdə irəliləyişdən asılı olacaq.

Xatırladaq ki, əvvəllər İranla nüvə proqramı üzrə danışıqlarda Tehran-Qərb dialoqunda əsas vasitəçi rolunda Aİ diplomatiyasının sabiq rəhbərləri Xavyer Solana (1999-2009) və Federika Mogerini (2014-2019) çıxış ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   təminat  





Xəbər lenti