Praqa Trampın nikbinliyini bölüşmür

 Praqa Trampın nikbinliyini bölüşmür
  05 May 2025    Oxunub:436
Müharibənin bu il bitəcəyini gözləməyən Çexiya 2026-cı ildə Ukraynaya artilleriya mərmisi tədarükünün davam etdirilməsin barədə tərəfdaşları ilə müzakirələr aparır.
AzVision.az bildirir ki, belə açıqlama verən Çexiyanın prezidenti Petr Pavelin dediyinə görə, söhbət hazırda 11 ölkə tərəfindən maliyyələşdirilən sursatın Kiyevə ötürülməsi ilə bağlı Praqanın təşəbbüsündən gedir. Bu təşəbbüs çərçivəsində Ukrayna 1,8 milyon artilleriya mərmisi almalıdır.

“Mən əminəm ki, artilleriya təşəbbüsü və Ukraynanı kifayət qədər sursatla təmin etmək imkanı Rusiyaya bu müharibəni davam etdirməyin mənası olduğunu başa sala biləcək şərtlərdən biridir”, - Çexiya prezidenti ukraynalı həmkarə Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin birtərəfli qaydada elan etdiyi “1-2-3 günlük” atəşkəsin heç bir əhəmiyyət daşımadığını bildirib.

- Bir neçə gün ərzində heç kimin hətta danışıqlara başlamağa vaxtı da olmayacaq. Söhbət 30 günlük qeyd-şərtsiz atəşkəsdən gedir. Ukraynanın təklifi məhz budur”, - Petr Pavel vurğulayıb.

Çexiya prezidenti, eyni zamanda apreldə “Pasxa atəşkəsi” zamanı da Rusiyanın Ukraynanı atəşə tutmağa davam etdiyini söyləyib.

“Müharibənin başa çatmasından danışsaq, bütün kartlar hələ də prezident Putinin əlindədir. O, sadəcə qərar verməlidir, lakin indiyədək belə bir istək nümayiş etdirməyib”, - Çexiya lideri deyib.

Xatırladaq ki, Praqa 2024-cü ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Ukraynaya sursat tədarükü yaratmağı təklif edib. Bu ideyanı 18 ölkə dəstəkləyib. Təşəbbüsün bir hissəsi kimi Çexiya buna vəsait ayırmaq istəyən dövlətlər üçün satınalmalarda vasitəçi rolunda çıxış edir. Keçən ilin nəticələrinə görə, Çexiya əvvəlcə 800 min ədəd tədarük etməyi planlaşdırsa da, Kiyevə 520 min ədəd 155 mm kalibrli mərmi ötürülüb.

Mərkəzi Avropanın ən böyük sursat tədarükçüsü olan Çexiyanın “Czechoslovak Group” holdinqi “demək olar ki, bütün öhdəliklərini” yerinə yetirdiyini bildirib. Ukraynaya döyüş sursatlarının göndərilməsində gecikmələrin əsas səbəbi kimi orada “məhdud logistik imkanlar”ın olduğu göstərilib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Çexiya   Ukrayna   mərmilər  





Xəbər lenti