“Müəllimlərin maaşı 800-1000 manata çatıb” - NAZİRLİK

“Müəllimlərin maaşı 800-1000 manata çatıb” - NAZİRLİK
  10 Dekabr 2013    Oxunub:1545
Azərbaycanda ali məktəb müəllimlərinin əməyi və səviyyəsi fərqləndirilməlidir.
Təhsil nazirinin müşaviri Elxan Hüseynov Trend-ə bildirib ki, Nazirlər Kabinetinin 2012-ci ilin sonunda "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" qərarının ləğvindən sonra ali məktəblərdə işçilərin əməkhaqlarının yenidən müəyyənləşdirilməsi istiqamətində işlər görülüb, professor-müəllim heyətinin maaşları fərqləndirmə prinsipi ilə müəyyənləşdirilir. Bəzi müəllimlərin maaşı 800-1000 manata çatıb:

"Ancaq hələ ki işində innovativ texnologiyalardan kifayət qədər istifadə etməyən müəllimlər onlardan 20 faiz, hətta daha az əməkhaqqı alırlar. Deməzdim ki, bütün ali məktəblər bu qərarın icrası ilə bağlı məsələləri eyni səviyyədə həll edə biliblər. Az bir müddətdə bu sahədə iş görülsə də, bu işlər davam etməlidir. Hesab edirəm ki, yaxın zamanda bu sistemin tamamilə tətbiqi mümkün olacaq".

Nazir müşaviri bildirib ki, fərqləndirmə və stimullaşdırma prinsipi müəllimlər arasında rəqabəti artırar və son nəticə olaraq təhsilin keyfiyyətinə ciddi təsir göstərər.

Onun sözlərinə görə, ali məktəblərdə müəllimlər üçün fərdi qaydada əməkhaqqının müəyyənləşdirilməsi asan məsələ deyil. Ali məktəblərin rəhbərliyi, Elmi şuraları əmək haqlarını müəyyənləşdirərkən müəllimin açıq dərslərinin müzakirəsinin nəticələri, yazdığı dərsliklərin və dərs vəsaitlərinin günün tələblərinə cavab verməsi, müəllimin mühazirələrinin elektron versiyasına marağın səviyyəsi, tələbələrlə etik davranışı, keçdiyi mövzulara tələbələrin diqqətini cəlb edə bilib-bilmədiyi kimi məsələləri nəzərdən keçirməlidirlər: "Ona görə də Elmi şuraların üzərinə çox böyük iş düşür. Onlar alimlərin şərti olaraq reytinq cədvəlini hazırladıqdan sonra hansı müəllimin hansı maaşa layiq görüldüyünü müəyyənləşdirə bilərlər".

E.Hüseynov bildirib ki, ali məktəb rəhbərlərinin bir müəllimə artıq maaş verməsi ilə bu məsələ həll olunmur. Məktəblərdə hər fakültə üzrə aparıcı müəllimlər müəyyənləşdirilməli, onun işinin keyfiyyəti, rəhbərliyi ilə müdafiə edilən buraxılış və diplom işlərinin səviyyəsi araşdırıldıqdan sonra maaş təyin edilməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti