Türkiyə “Sülh çeşməsi”ndən nələr qazandı? – TƏHLİL
Hadisələrin xronoloji ardıcıllığına diqqət yetirək: Amerika qoşunları Suriyanı tərk edir və Türkiyə “Barış pınarı” aməliyyatına start verir. Əməliyyatın əsas məqsədi Türkiyə-Suriya sərhədi boyunca 30 km. enində ərazini kürd terror qruplaşmalarından təmizləmək, Türkiyədə məskunlaşmış 3.6 milyon suriyalı köçkünün 2 milyonunu həmin ərazilərə yerləşdirmək idi. Əməliyyatlar başladıqdan bir neçə gün sonra Amerikanın vitse-prezidenti Mayk Pens Türkiyəyə gəlir və tərəflər arasında Suriya ilə bağlı ilkin razılaşma əldə olunur. Bu razılaşmaya əsasən, Türkiyə hərbi əməliyyatları qısa müddətə dayandırır və kürd hərbi qruplaşmalarının ərazidən çıxmasına şərait yaradır. Penslə Ərdoğan sərhədboyu 30 km. enində və 400 km uzunluğunda ərazinin Ankaranın nəzarətinə verilməsi barədə razılığa gəlirlər. Bundan sonra kürd dəstələrilə Əsəd tərəfdarlarının birləşməsi barədə xəbər yayılır və Ərdoğan danışıqlar üçün Putinin Soçidəki qərargahına yollanır.
6 saat davam edən Putin-Ərdoğan görüşü Suriyaya dair ikitərəfli memorandumun imzalanması barədə razılığın əldə olunması ilə yekunlaşır. Memaranduma əsasən, Türkiyənin əməliyyat keçirdiyi müddətdə nəzarətə götürdüyü ərazidə status-kvo saxlanılacaq. Başqa sözlə, bu ərazi Türkiyənin nəzarətində qalacaq. Söhbət Suriyanın Tel-Abyad və Ras el-Ayn şəhərləri arasındakı 32 km enində, 100 km uzunluğundakı ərazidən gedir. Yerdə qalan sərhərboyu 30 km. enində əraziyə Rusiya-Türkiyə hərbi patrulları birgə nəzarət edəcəklər. Artıq Rusiyanın hərbi polisi əraziyə yeridilməyə başlayıb. Eyni zamanda kürdlərin Suriyada mərkəzi şəhərləri olan Manbic və Tal-Rifat şəhərlərindən kürdlərin köçürülməsi nəzərdə tutulub. Əsas nəticə ondan ibarətdir ki, Rusiya Türkiyənin iddia etdiyi 400 kilometrlik ərazinin 300 kilometrini geri ala bildi. Bununla belə, İdlib ərazisi hələ ki Türkiyənin nəzarətində qalcaq.
Kürdlərin taleyinin necə olacağı, kürd qruplaşmaların hansı ərazidə yerləşdiriləcəkləri hələ ki, məlum deyil. Suriya daxilində hansısa kürd muxtariyyətinin yaranması məsələsi də hələ ki, müzakirə mövzusu deyil. Çünki, Suriyanın formal prezidenti hesab olunan Bəşər Əsədin hazırkı məqamda bununla bağlı verəcəyi sözü reallaşdırmaq imkanları məhdudur. Ölkənin gələcək taleyi Rusiya, Türkiyə və İran tərəfindən formalaşdırılacaq konstitusiya komitəsi tərəfindən müəyyən ediləcək. Rusiya ilə Türkiyə Suriyanın ərazi bütövlüyünün saxlanılması məsələsində həmrəy olsalar da, Ankara Bəşər Əsədi leqal prezident kimi qəbul etmir.
Kifayət qədər mürəkkəb olan Suriya proseslərindən Türkiyənin qazanclı çıxdığını əminliklə söyləmək olar. Amerikanın iki tərəfi bir-birilə vuruşdurmaq istəyi baş tutmadı. Yəni Rusiya ilə Türkiyə konfrantasiyaya getmədi və bununla ilk növbədə Yaxın Şərqdə sabitliyin bərpa olunmasına əhəmiyyətli töhfə verdilər. Türkiyə müəyyən iddialarından geri çəkilməli olsa da, vəziyyətin ümumi təhlili Ankarının istəyinə çatdığını deməyə əsas verir.
Birincisi, Türkiyə özünün Suriya ilə həmsərhəd ərazilərini kürd terrorçularından təmizləyəcək. İkincisi, sərhədboyu böyük bir strateji ərazi Ankaranın nəzarətində qalacaq. Yerdə qalan ərazi hər nə qədər Rusiya və Əsədin nəzarətində qalsa da, ora Əsəd rejiminə müxalif olan suriyalıların yerləşdirilməsi Türkiyənin maraqlarına cavab verir. Çünki Əsədə müxalif qüvvələrin ərazidə yerləşdirilməsi Türkiyənin faktiki nəzarəti anlamına gəlir.
Digər tərəfdən, Türkiyə Suriyanın gələcək taleyində əhəmiyyətli rol oynayacaq. Belə ki, Ankara Suriyanın yeni konstitusiyasının hazırlanması və yeni siyasi eitasının formalaşdırılmasında birbaşa iştirak hüququ əldə etdi.
Tofiq Vahid
Azvision.az
Teqlər: Türkiyə Suriya BarışPınarı SülhÇeşməsi