“Ölüm maşını”nın Azərbaycan düşərgələri – SENSASİON ARAŞDIRMA

“Ölüm maşını”nın Azərbaycan düşərgələri – SENSASİON ARAŞDIRMA
  18 Yanvar 2013    Oxunub:4785
Azərbaycanda QULAQ düşərgələrinin olması haqqında “rəsmi” tarixdə heç nə deyilmir. Amma əldə etdiyimiz başqa sənədlər dolayısı ilə də olsa, bu düşərgələrin Azərbaycan ərazisində yaradılmasını təsdiqləyir...

“[B]ÜİK(b)P MİK-nin Rəyasət Heyətinə[/B]
[B]Sizə müraciət edirik, minimum diqqət yetirmənizi xahiş edirik. [/B]
Biz - xəstəliyimizə görə Solovetsk Konsentrasiya düşərgəsindən evə buraxılan dustaqlar oraya göndərilərkən sağ-salamat insanlar idik. İndi isə biz geriyə mənəvi və fiziki cəhətdən sındırılmış, şikəst edilmiş əlillər kimi qayıdırıq. Sizdən xahiş edirik ki, Kemidəki Solovetsk Konsentrasiya düşərgəsində və onun bütün sahələrində hökm sürən özbaşınalığa və zorakılığa diqqət yetirəsiniz. Belə zorakılıq, özbaşınalıq və qanunsuzluq insan ağlına sığışan deyil...
...Şikayət etmək, yaxud da nəsə yazmaq “Allah göstərməsin”, ona gətirib çıxara bilər ki, səni ya süni quraşdırılmış qaçış adıyla, ya da başqa bir adla it kimi güllələyərlər. 30 dərəcə şaxtada lüt və ayaqyalın cərgəyə düzüb, saatlarla saxlaya bilərlər. Kemidəki Solovetsk Konsentrasiya düşərgəsində və onun bütün sahələrində törədilən xaosu və dəhşəti təsvir etmək çox çətindir. Hər il buraya gələn komissiyalar çoxlu sui- istifadə halları aşkar edirlər. Bircə hadisəyə diqqət yetirin: hansı günahına görə isə cəzalandırılan dustaqları “ÖZ NƏCİSLƏRİNİ YEMƏYƏ MƏCBUR EDİBLƏR”. Baş Siyasi İdarədə də qeydə alınmış bu fakt, komissiyanın təsadüfən üstünü açdığı minlərlə dəhşət və özbaşınalıqlardan yalnız biridir”.

Bu sətirlər, ötən əsrin 30-50-ci illərində təkcə adı ilə milyonlarla insanda qorxu və dəhşət hissləri yaşadan QULAQ-dan, bu sistemin ən dəhşətli nöqtələrindən biri olan Solovetsk Konsentrasiya düşərgəsindən salamat qurtarmış bir qrup insanın ölkənin Ali Hakimiyyətinə ünvanlanmış məktubunun yalnız kiçik bir hissəsidir.

Bu məktubu yazanlar o zaman hələ də ədalətin varlığına inanır, bəlkə də öz həyatlarını təhlükə altına atdıqlarını bilə-bilə QULAQ adlı ölüm maşınının caynağında əzab çəkən yüz minlərlə insanın bu dəhşətlərdən qismən də olsa xilasına ümid bəsləyirdilər. Bir də bu məktubun bizim üçün daha bir özəlliyi ondan ibarətdir ki, onu yazanlar kimliyi və sonrakı taleyi naməlum qalan soydaşlarımız olub.

QULAQ sisteminə daxil olan və istər adi cinayətkarların, istərsə də siyasi dustaqların saxlandığı düşərgələrdə milli və dini ayrı-seçkilik, dözülməz iqlim şəraiti Cənub respublikalarından olan türk-müsəlman dustaqların vəziyyətini daha da dözülməz edirdi.

Bu düşərgələrdə rəisdən tutmuş adi gözətçiyə qədər hər bir kəs dustaqlar üzərində hakimi-mütləq səlahiyyətlərinə malik idi. Hər bir gözətçiyə xüsusi hallarda xəbərdarlıqsız silah işlətmək hüququ verilmişdi. “Yerində güllələnmə” haqqında akt yaşayış zonasına qayıtdıqdan sonra elə həmin gözətçilərin özləri tərəfindən tərtib olunurdu. Belə hallar rəhbərlik tərəfindən pulla mükafatlandırılırdı.

Güllələnmə daha çox “qaçmağa cəhd” hallarında tətbiq olunurdu. Belə vəziyyət əsasən pul mükafatı almaq üçün gözətçilərin özləri tərəfindən quraşdırılırdı.

Dustaqların işlədiyi ərazilər kvadratlara bölünürdü. Bu əraziyə kvadratın küncündə qoyulmuş keşikçi qüllələrindən nəzarət olunurdu. Bir kvadratda işi qurtarıb növbəti kvadrata keçəndə qüllələrdən ikisi əvvəlki yerində qalır, ikisi isə növbəti əraziyə keçirilirdi. Bəzən on iki saatlıq iş gününün sonunda iş alətlərini yaşayış yerinə, səhər isə geriyə daşımamaq üçün gözətçilər dustaqlara onları zonada gizlətməyə icazə verirdilər. Bu heç də gözətçilərin humanistliyindən irəli gəlmirdi. Sadəcə olaraq səhər yeni iş ərazisinə qayıtdıqda köhnə əraziyə alətləri gətirmək üçün gedən dustağı “qaçmağa cəhd” adı altında güllələmək üçün imkan yaranırdı.

“Qaçış” yerinə baxış aktı tərtib olunarkən meyitin hansı vəziyyətdə uzanması nəzərə alınırdı. Əgər meyit ayaqları zonaya tərəf, başı isə zonadan kənara uzanmışdısa bu, mübahisəsiz olaraq “qaçmağa cəhd” kimi qiymətləndirilirdi. Bundan sonra alınan pul mükafatı dustağı alətləri gətirməyə göndərənlə güllələyən arasında bölüşdürülürdü.

Ancaq çoxlarının xəbəri yoxdu ki, artıq tarixə çevrilmiş bu sistemin Azərbaycanda da düşərgələri olub. Rəsmi arxiv materiallarında bu barədə heç bir şey deyilməsə də, əldə etdiyimiz başqa sənədlər dolayısı ilə də olsa bu düşərgələrin Azərbaycan ərazisində yaradılmasının əsas təşəbbüskarının o zamankı respublika rəhbərliyi, konkret desək Mir Cəfər Bağırov olması fikirlərini yaradır.

[I]Moskva[/I]
[I]XDİK[/I]
[I]yoldaş Yaqodaya[/I]

[I]Ağır Sənaye Xalq Komissarlığı Azneft Kombinatına Bakıdan 30 km aralıda və yolsuz bir ərazidə yerləşən Körgöz yeni neft rayonunu istismar etmək tapşırığı verib. Tikinti və yol çəkilişi üçün min nəfər fəhlə tələb olunur. Azərbaycanın rayonlarından, eləcə də RSFSR-in üç rayonundan fəhlə toplanılması təşkil olunsa da, məhsul yığımı ilə əlaqədar olaraq bu tədbirlər bir nəticə vermir. Yeni neft rayonunun istismarı işlərini sürətləndirmək məqsədi ilə, Körgözdə bir illiyinə min nəfər məhbusdan ibarət əmək koloniyasının təşkil olunması üçün sərəncam vermənizi xahiş edirəm.[/I]

[I][B]Azərbaycan K(b)P MK katibi Bağırov
11 iyul 1936[/B][/I]

Bağırovun bu müraciəti təmin olundu və 1937-ci ilin əvvəllərində Azərbaycan ərazisində QULAQ-ın ilk düşərgəsi yaradıldı. Bu düşərgə əsas dislokasiya yeri Həştərxan şəhəri olan PRIKASPLAQın- Prikaspiysk islah- əmək düşərgəsinin ( 107 №-li tikinti) şöbəsi kimi yaradılmışdı.

İlkin olaraq burada minə yaxın məhbus saxlanılsa da, ilin sonunda onların sayı 6 minə yaxın idi. 1940-cı il oktyabr ayının 10- da PRIKASPLAQ QULJDS-nin- Dəmiryolu tikintiləri üzrə QULAQ-ın tabeçıliyində yenidən təşkil olundu və dislokasiya yeri kimi Salyan şəhəri göstərildi. Osmanlı-Astara, Hacıqabul- Papanin, Salyan-Neftçala dəmir yol xəttləri bu düşərgədəki məhbuslar tərəfindən çəkilib . Düşərgədə 1941-ci ilin yanvarında 54 336, 1941-ci ilin iyulunda 36 533, 1942- ci ilin yanvarında 14 003 dustaq olub.1942-ci il aprelin 1-də düşərgə ləğv olunan zaman orada 7 509 dustaq var idi.

Bundan sonra düşərgə Azərbaycan SSR DİN-nin İslah- Əmək Düşərgələri və Koloniyaları İdarəsinin tərkibinə verildi.

İkinci Dünya müharibəsinin başlanması ilə QULAQ sisteminə aid olan düşərgələrin iş sistemində və sayında ciddi dəyişikliklər baş verdi. 1942-ci ilin qışından başlayaraq Sovet qoşunlarının cəbhədə qazandığı uğurlar ölkə daxilinə alman hərbi əsirlərinin axını ilə müşaiyət olunurdu. Belə bir dövrdə Azərbaycan ərazisində QULAQ-ın ikinci düşərgəsi -KASPLAQ- Kaspiysk islah- əmək düşərgəsi (XDİK- nın 2 №-li tikintisi) yaradıldı.

1943- cü il mart ayının 24- də Həştərxan şəhərində Aerodrom Tikintisi Baş İdarəsinin tərkibində yaradılan KASPLAQ, 1943-cü il oktyabr ayının 11- də Bakı şəhərinə köçürüldü. Bu düşərgə, Neft Xalq Komissarlığının Azneftkombinatı üçün 5 kompressor və 2 vakuum- kompressor stansiyalarının tikintisi ilə məşğul olub. 1946-cı il fevralın 13-dən QULAQ-ın tabeçiliyinə verilib. 1946- cı il avqustun 7- də ləğv edilərək, Azərbaycan SSR DİN-nin Islah- Əmək Düşərgələri və Koloniyaları İdarəsinin Düşərgələr Şöbəsinin tərkibində yenidən təşkil olunub.

1943-cü ilin mayında düşərgədə 3515, 1944-cü ilin yanvarında isə 3282 məhbus var idi. Yenidən təşkil olunarkən düşərgədə 5453 nəfər cəza çəkirdi. 1950- ci il oktyabrın 24- də ləğv edilərək Azərbaycan SSR DİN-nin İslah- Əmək Düşərgələri və Koloniyaları İdarəsinin Düşərgələr Şöbəsinin tərkibində yenidən təşkil olundu.

1944-cü il may ayının 18- də Azərbaycan ərazisində daha bir düşərgə QULJDS-nin- Dəmiryolu tikintiləri üzrə QULAQ-ın tabeçıliyində 108 №-li tikinti və İslah- Əmək Düşərgəsi yaradıldı. 1945-ci il iyun ayının 8-dən Gəncə şəhərində (keçmiş Kirovabad) dislokasiya olunsa da, 1946-cı il oktyabrın 31- də Xanlar şəhərinə köçürüldü. Kirovabad- Daşkəsən dəmiryol xəttinin, Alabaşlı- Quşçu dəmiryolu xəttinin üzərində körpünün, Quşçu körpüsü stansiyasından filiz emalı fabrikinə qədər asma yolun və bunkerlərin, bu ərazidə avtomobil yollarının tikintisi və başqa işlərlə məşğul olan düşərgədəki məhbusların sayı 01.12.44-də- 5568, 01.01.45-də- 5624, 01.01.46-da- 2295, 01.01.47-də- 3200, 01.01.48-də- 3760, 01.01.49-da- 2707, 01.01.50-də- 2142 nəfər olub.

Müharibədən sonra SSRİ ərazisindəki 267 hərbi əsir düşərgələrində 2 milyon 228 min hərbi əsir saxlanılırdı.

Azərbaycan SSR Daxili İşlər Naziri Yaqubovun M.C.Bağırova göndərdiyi bu sənəddə Azərbaycanda saxlanılan əsirlərin sayı, tərkibi, saxlanma şəraiti, səhhəti barədə məlumat verilir.


Füzuli Sabiroğlu


Teqlər:  





Xəbər lenti