Qaradağda kütləvi dava

Qaradağda kütləvi dava
  22 Dekabr 2013    Oxunub:1379
Qaradağda kütləvi dava: iki nəfər xəstəxanalıq oldu.
AzVision.az xəbər verir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kütləvi dava olub. Məlumata görə, əvvəlcə iki nəfər arasında başlanan kiçik mübahisə sonradan böyük davaya çevrilib: ona yaxın şəxs Taleh Əsgərov adlı şəxsə hücum çəkərək onu döyüb. Taleh isə onlardan canını qurtarmaqdan ötrü yaxınlıqda ərzaq mağazası işlədən qardaşı Oqtayın yanına qaçıb. Onu döyən şəxslər isə bu dəfə mağazaya hücum edərək, hər iki qardaşı möhkəmcə döyüb, mağazanı dağıdıblar. Dava zamanı Taleh bıçaq xəsarəti, Oqtay isə kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən möhkəm zədə alıb. Qardaşlar dərhal Musa Nağıyev adına xəstəxanaya çatdırılıb.

Xəbəri aldıqdan sonra AzNews.az-ın əməkdaşı xəsarət alan şəxslərin yaxınları ilə söhbət edib. Onlar bildiriblər ki, cinayəti törədən şəxsləri tanıyırlar. Lakin onların saxlanması üçün polis hələlik heç bir addım atmayıb: “Məsələ ilə bağlı polisə şikayət etmişik. İş Şövqi adlı müstəntiqdədir. Lakin o, hadisədən üç gün keçməsinə baxmayaraq, işi törədənlərin heç birini dindirməyib. Bu gün onunla əlaqə saxladıq, dedi ki, gərək həmin adamları tapıb mənə versinlər ki, dindirim. Məsələ burasındadır ki, heç bizim uşaqları da dindirməyiblər. Bizim uşaqları döyən, dələduzluq edən həmin uşaqlar daim dava salır, müxtəlif məqsədlər üçün adamları döyüb, təzyiqlər göstərirlər, lakin polis həmin şəxsləri saxlamır. Yəqin bu dəfə də o niyyətdədirlər”. Qaradağ Polis İdarəsinin növbətçi hissəsindən isə məsələ barədə məlumatlı olduqlarını bildirsələr də, hadisə ilə bağlı geniş məlumat verəsi səlahiyyətli şəxslərin işdə olmadığını bildiriblər: “Bu gün istirahət günüdür, sabah zəng vurun, ətraflı məlumat versinlər”


Teqlər:  





Xəbər lenti