Əlcəzairlə siyasi məsləhətləşmələr keçirilib

Əlcəzairlə siyasi məsləhətləşmələr keçirilib
  22 Aprel 2025    Oxunub:274
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.
XİN-dən AzVision.az -a verilən xəbərə görə, səfər çərçivəsində Əlcəzair şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə Xarici Işlər Nazirliyinin Baş katibi Lounes Maqraman rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, ticarət və parlamentlərarası əlaqələrin hazırki vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında neft-qaz, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.

Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyinin mühüm hadisə olduğu, ölkəmizin nüfuzu və beynəlxalq tədbirlərə ev sahibliyində zəngin təcrübəsinin qeyd edilən zirvə görüşünün uğurlu təşkilinə əminlik yaratdığı xüsusi olaraq qeyd edilib.

Əlcəzair tərəfinə münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı tərəflər, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində, nazir müavini Yalçın Rəfiyev Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər, xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan ilə Əlcəzair arasında siyasi münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub, ölkələrimiz arasında iqtisadi, ticarət və sərmayə sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Nazir müavini Yalçın Rəfiyev səfəri çərçivəsində Əlcəzarin Milli Mücahidlər Muzeyi ilə tanış olub. Muzeylə tanışlıq zamanı Əlcəzair xalqının müstəmləkəçiliyə qarşı apardığı müqavimət hərəkatı barədə məlumat verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti