İsmayıllı təqsirkarına daha bir ittiham

İsmayıllı təqsirkarına daha bir ittiham
  14 Mart 2013    Oxunub:1506
Tibbi ekspertizanın rəyinə görə, əlavə ittihamlar elan olunub.
Yanvarın 23-də İsmayıllı rayonunda baş vermiş hadisələrlə bağlı saxlanılan “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədovun hadisə vaxtı döydükləri sürücü ilə bağlı tibbi ekspertizanın rəyi açıqlanıb.

APA-nın məlumatına görə, ekspertiza həmin şəxsin bədənindəki xəsarətləri ağır qiymətləndirib. Bunun üçün istintaq orqanı E. Şəmdinov və E. Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə əlavə ittiham elan ediblər.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisələri ilə bağlı yaydığı məlumata görə, yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisə ilə əlaqədar yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda, yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.




Teqlər:  





Xəbər lenti