Ermənilərin kor falçı təxribatı – VİDEO
Filimdə bildirilir ki, 1993-cü ildə Vanqa nənə azərbaycanlı jurnalistlərlə görüşüb və ölkəmiz haqqında deyib ki, "Siz müharibədə məğlub olacaqsınız, analar gözüyaşlı qalacaq, bu, 30 il davam edəcək. Çünki özünüzün olmayana sahiblənmək istəyirsiniz. Ondan əl çəkəndən sonra isə insanlarınız xoşbəxt olacaq”.
Videoda Vanqadan müsahibə götürən jurnalist heç bir vəchlə azərbaycanlıya bənzəmir. Və 1993-cü ildə Azərbaycan mediasında çalışanların arasında belə bir jurnalistin olmadığı yəqindir. Üstəlik, indiyə qədər hansısa azərbaycanlının Vanqadan müsahibə götürməsu haqqında da heç bir məlumat olmayıb.
Məsələ ilə bağlı AzVision.az həmin illərdə aktiv fəaliyyət göstərən jurnalistlərlə əlaqə saxlayıb , azərbaycanlı jurnalistlərdən kiminsə 1993-cü ildə Vanqa nənə ilə görüşüb-görüşmədiyini araşdırmağa çalışıb.
Millət vəkili, həmin illərdə dövlət televiziyasında çalışmış Sahib Alıyevin sözlərinə görə, ermənilərin əlində daha heç bir kartları qalmayıb, ona görə də bu cür üsullardan istifadə edirlər:
- Məcbur olub, ölmüş bir falçının ruhi ilə oynayırlar. Əsası olmayan boş informasiya təxribatıdır. Ümumiyyətlə, elə bir şeyi ciddiyə alıb, açıqlama verməyin özü bir yalnışlıq olar. O, qeyri-ciddi adamlar üçün nəzərdə tutulmuş bir uydurmadır. Heç bir politoloji əsası olmayan və tamamilə fantaziya üzərində qurulmuş bir şeydir.
Həmin ilərdə populyar nəşr olmuş “525- ci qəzet”in baş redaktoru Rəşad Məcid də bildirdi ki, belə bir müsahibənin olması yadına gəlmir:
- Xatırlamıram ki, hansısa jurnalistimizin Vanqadan müsahibə alsın. Amma Vanqanın Qarbağ ilə bağlı fikirləri olmuşdu. Görünür, ermənilər onu özlərinə sərf edən varinatda təqdim ediblər. Onlara nə var, hətta Şaxta Babanın da erməni əsilli olduğunu da deyirlər.
Şahanə Rəhimli
Teqlər: