Nərgiz Paşayeva: Aldatma ki, aldanmayasan...

Nərgiz Paşayeva: Aldatma ki, aldanmayasan...
  31 Dekabr 2013    Oxunub:1633
Nərgiz Paşayeva "Yeni Müsavat" və "Azadlıq"a cavab verdi.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində 24 dekabr 2013 cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən məhkəmə işi ilə bağlı 25, 26 dekabr 2013-cü il tarixlərində dərc olunan bəzi yanlış məlumatlara cavab verib.

AzVision.az həmin cavab yazısını təqdim edir:
****
"Hürriyyəti-kəlamın, yaxud azad mətbuatın ümumi xalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində ümumi əhalinin və ya məlum bir camaatın mübtəla olduğu dərdi şərh edib müalicəsi üçün tədbirlər axtarmaq mümkündür".

Ü. Hacıbəyli
*****
Hələ uşaqlıq çağlarından mətbuat işçilərinə həqiqəti dəqiq və dürüst görməyi bacaran və ali tutan peşəkar insanlar kimi baxmışam. Yəqin ki, bunun əsas səbəblərindən biri ana babamın, Nəsir müəllim İmanquliyevin jurnalist fəaliyyətinin şahidi olmağım və bu fəaliyyətin mənə təsiridir. Yaxşı yadımdadır ki, hər axşam işdən evə çox yorğun qayıtsa da (o zaman Nəsir müəllim "Bakı" və "Баку" axşam qəzetlərinin baş redaktoru vəzifəsində çalışırdı), babam saatlarla sabah çapa gedən materialları dəfələrlə oxuyur, yoxlayır, düzəlişlər edir, sanki bu qəzet yazılarındakı fikirlərdən və məqalələrdən bütün bəşəriyyətin taleyi belə asılı idi. İndi babamı ehtiramla yada salaraq, düşünürəm ki, o vaxt sadəcə olaraq o öz yüksək missiyasını yerinə yetirirdi: həqiqəti qoruyurdu. Çünki həqiqət həyat təki qiymətli və həyat təki həm acı, həm şirindir. Hər bir sağlam mətbuatın əsas prinsiplərindən olan "fakt müqəddəsdir, şərh sərbəstdir" təlimi jurnalist babamın əsas iş prinsipi, peşə şüarı idi. Bəllidir ki, hər hansı bir mənbədən verilən məlumat doğru olduğu kimi, yalan da ola bilər və sirr deyil ki, belə yalan sifarişli də ola bilər. Sifarişli yalan isə həmişə "atasını öldürüb qəbrinə and içəni" xatırladır və qeyri-əxlaqi, qadağan olunmuş bir fənd sayılır. Bəs niyə bəzən qəzetlər bu sadə, lakin vacib aksiomanı bağışlanılmaz dərəcədə əhli-kefliklə və ya bilərəkdən unudurlar?

Belə ki, 25, 26 dekabrda "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində özüm haqqında özümə məlum olmayan "faktlarla" rastlaşdım. Oxuduqca, çox təəcübləndim. Necə olur ki, adını birinci dəfə eşitdiyim və kimliyini tanımadığım bir adamı mənim kürəkənim kimi təqdim ediblər? Necə olur ki, ünvanını belə bilmədiyim və heç bir vaxt olmadığım bir yerin, daha dəqiq desək, "Opera sky" restoranının həqiqi sahibi dura-dura, o yerin sahibi kimi məni göstəriblər? Yeri gəlmişkən deyim ki, nə restoran biznesi, nə də digər bizneslə məşğul deyiləm. Çünki buna nə vaxtım, nə həvəsim, nə də biznes bacarığım var. Düşünürəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır, mən də 1983-cü ildən bu günə kimi universitetdə işləyirəm və seçimim məni tam qane edir. Yenə mənim üçün çox gözlənilməz və qəribə olan həmin yazıya qayıdıram. Demə, həmin materiallarda indiyə kimi oxuduqlarım ədəbiyyatçıların dili ilə desək, ekspozisiya imiş, kulminasiya isə hələ qabaqdadır. Bildirilir ki, həmin restoranda baş verən acı hadisələrdən sonra (onu da qeyd edim ki, o yazını oxuyandan sonra hadisənin tarixi ilə maraqlandım və o günü, aprel ayının 21-i heç Bakıda da deyil, xaricdə olduğum faktı aşkar etdim) guya mən bu insidentlə bağlı cənab Prezidentə məlumat verilməsində bir növ "vasitəçi" olmuşam və mənim məkrli "xəbərçiliyimdən" sonra zavallı valideynlərin şuluq övladlarını həbs ediblər. Burası həm gülməli, həm də ağlamalıdır. Gülməli ona görədir ki, bu Robin Qudluğu həqiqətən mən etsəydim boynuma alıb deyərdim ki, bəli, mən etmişəm. Çünki əgər Robin Qudsansa, gərək qorxaq olmayasan, qorxaqsansa gərək Robin Qudluq etməyəsən. Ağlamalısı isə ondadır ki, bu kimi hadisələri kiminsə kimə deməyi yox, ancaq və ancaq qanunun araşdırıb tənzimləməsi labüddür. Yer üzərində baş verən bütün hadisələrin əksər hallarda ən azından heç olmasa bir şahidi olur. Amma ən ali şahid Allah-təalanın özüdür. Belə baxsan, hamını aldatmaq mümkündür, oxucunu da, jurnalisti də, polisi də, günahsızı da, günahkarı da, hətta qanunu da, amma Yaradanı yox. Bütün həyatım boyu bəndəni deyil, Yaradanı aldatmağa çalışanlara yazığım gəlib. Elə bu səbəbdən həmin məhkəmənin bütün iştirakçıları və şahidlərindən və onlarla bağlı olan insanlardan xahişim budur ki, çalışsınlar, haqqımda yazılan uydurmalarla nə özlərini, nə də başqalarını aldadıb yanılmasınlar. Yalan onsuz da yalandır. Eybəcər və yararsız üsullarla ona doğru libası geydirmək heçnəyi dəyişmir.

O ki, qaldı azad mətbuata, gəlin hörmətli jurnalistlər, söz azadlığını söz azğınlığına çevirməyək. Yadımıza salaq ki, Üzeyir bəy "hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyə, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan" demişdir. Nə olur olsun, vicdanın azad və saf olması sözün azad və saf olmasının əsas və başlıca təminatıdır. Əmək fəaliyyətim boyu həmişə ictimai sahədə qulluq etdiyimə, illərlə jurnalistika fakültəsində dərs apardığıma və ümumiyyətlə, bu peşəyə böyük rəğbət bəslədiyimə görə baxışlarından və siyasi platformalarından asılı olmayaraq, bu peşənin vicdanlı və qərəzsiz, əsl mətbuat fədailərinin sıralarının həmişə möhkəm və sağlam olmasını arzulayıram. Arzulayıram ki, millətə, insanlara xitab edən və xidmət edən jurnalistlər həmişə ucuz effektlərdən, yüngül sensasiyalardan, təhrif olunmuş həqiqətlərdən, qərəzli sifarişlərdən, onları böyük məsuliyyətlərindən yayındıran əlamət və sindromlardan, impulsiv, qeyri-dəqiq, qeyri-dürüst məlumat və xəbərlərdən, eləcə də jurnalist etikasına xələl gətirən hər nə varsa onlardan uzaq olsunlar. Böyük ictimai xadim və yazıçı N.Nərimanov yazırdı: "Mətbuat ikinci bir dövlət qüvvətindədir". İstəyimiz budur ki, bu qüvvət həqiqətən ictimai faydaya və ədalətə xidmət etsin, vətəndaşa xidmət etsin. Ölməz Mirzə Cəlilin bügünkü şeyx Nəsrullahlarına deyil, hər zamanlar nadir olan İsgəndərlərə xidmət etsin.

Təbii ki, hər birimiz haqqında doğru olmayanı deyən, əfsuslar olsun ki, həmişə tapıla bilər. Hətta bu doğru olmayanı məmnuniyyətlə qəbul edənlər də tapıla bilər. Əqidəsi, iradəsi, xisləti əyri olanlar isə bundan sui-istifadə də edə bilərlər. Ona görə də kimliyindən asılı olmayaraq, hər bir insan, vətəndaş haqqında yoxlanmamışları mətbuata çıxarmaq və yaymaq həm yazılmış, həm də yazılmamış qaydalara tam ziddir. Ümid edək ki, belə hallar azalacaq və ya heç olmayacaq və azad mətbuat bütün inkişaf mərhələlərində öz azadlığının vacib tərkib hissəsi olan məsuliyyətini heç zaman unutmayacaqdır.

Yazımın əvvəlində olduğu kimi, sonunda da babamı, görkəmli jurnalist Nəsir müəllim İmanquliyevi yada salıram və onun jurnalist fəaliyyətinin hər zamanlar üçün universal və fundamental olan prinsiplərini iftixarla təkrarlayıram:

Aldatma ki, aldanmayasan,

Unutma ki, unudulmayasan,

Satma ki, satılmayasan.

Qoy Allah-təala Yeni ildə xalqımıza əmin-amanlıq və uğurlar bəxş etsin!

Professor Nərgiz Arif qızı Paşayeva



Teqlər:  





Xəbər lenti