Hayların 12 iyul təxribatlarının pərdəarxası – TƏHLİL

   Hayların 12 iyul təxribatlarının pərdəarxası –    TƏHLİL
  18 İyul 2020    Oxunub:28416
Sahib Alıyev
Millət vəkili

Bizdə bəzi ekspertlərin Azərbaycan-Ermənistan sərhədində gedən döyüşləri Nikol Paşinyanla komandasının böyük dövlətlərdən birini pis vəziyyətdə qoymaq, onunla körpüləri yandırmaq üçün başlatdıqları təxribat kimi qiymətləndirmələrinin səbəbini, açığı, anlamıram. Bunun faktlara dayanan təhlil olmadığı aydındır və əgər həmin böyük dövlətdəki ictimai rəyə hesablanmış təbliğatdırsa, effekti sıfırdır. Çünki oradakılar öz dövlətlərinin ən azı dünən atdığı addımlarla nə demək istədiyini heç də bizdən pis bilmirlər. Bilməyənlərə də tv bülbülləri başa salırlar.
Ermənistan ordusunun havadarlarından aldıqları hərbi-texniki, mütəxəssis və kəşfiyyat dəstəyinə rəğmən, bu döyüşlərdə necə maymaq vəziyyətdə qaldığını bütün dünya gördü. Dünya onu da gördü ki, Azərbaycan Paşinyan rejiminə Türkiyənin azğınlıq edib, cızığından çıxan (təbii ki, havadarının iznilə) Əsəd rejiminə bu ilin martında yaşatdıqlarını yaşatdı. Nəticədə düşmənin itkisi bizdən qat-qat artıqdır və döyüşlərin dayanacağı halda belə, artmaqda davam edəcək, çünki ağır yaralılarının sayı çoxdur. İndi soruşuram, Ermənistanda Paşinyanı addımbaşı ələ salan onlarla sayt, qəzet, televiziya və radio kanalları, onların bağlı olduğu Sərkisyan-Köçəryan çütlüyü niyə susur?

Mən neçə gündür ki, düşmən mediasını və sosial şəbəkənin hay seqmentini izləyirəm. Sosial şəbəkədə fərqli baxışlara rast gəlinsə də, mediada bunu görmək mümkün deyil. Media tam nəzarət altındadır və döyüşlərdə hay ordusunun itkiləriylə bağlı Ermənistanın Müdafiə Nazirliyi nə deyirsə, ancaq onu yayır. Halbuki, ən azı Qərb qaynaqlarından Ermənistan rəhbərliyinin məhv edilən hərbçilərinin sayını dəfələrlə azaltdığı yaxşı bilinir. Bir-iki sayt vardı ki, real vəziyyətlə bağlı bəzi informasiyaları paylaşmaq istədilər, onlar da qapadıldı. Və heç kim də səsini çıxarmadı, hətta Nikol Paşinyanla komandasına düşmən kimi yanaşanlar belə.

Bu, hay yetkinliyinin əlamətidir, yoxsa forpostdakılar küçə diktatoru Paşinyanın atacağı addımlardan çəkinərək, belə edirlər? Məncə, bunların heç biri deyil, həmin cütlüyü susduran da, Ermənistan parlamentində Paşinyandan sonra ən çox tərəfdarla təmsil olunan və tutulmaq reallığıyla üzləşdiyi üçün son iki ayda hakimiyyətə qarşı Köçəryanla Sərkisyanı belə kölgədə qoyan tənqidlər səsləndirən oliqarx Qaqik Sarukyanı ona dəstək verdirən də, hay mediasını tam kontrolda saxlayan da oradakı üstün gücdür.

Azərbaycan-Ermənistan sərhədindəki son təxribatın Paşinyana ölkəsində getdikcə artan çətinliklərdən doğan narazılıqları Azərbaycana qarşı yönəltmək üçün əl verdiyini mən də təsdiqləyirəm. Amma bütün bunların arxasında Qarabağda başlana biləcək hər hansı əməliyyatların qarşısını almaqdan daha çox, Xəzərin karbohidrogen ehtiyatlarını dünyaya çatdıran neft-qaz kəmərlərini sıradan çıxarmaq niyyəti o qədər aydın görünür ki, onu görməzdən gəlmək mümkünsüzdür.

Baxın, Azərbaycanın torpaq bütünlüyü məsələsində, cəbhədə hər hansı bir gərginlik olanda qardaş Türkiyə həmişə xalqımızın maraqlarına cavab verən addımlar atıb və bəyanatlar səsləndirib. Amma iyulun 12-də Tovuzun Ermənistanla sərhədindəki təxribatdan dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanat daha kəskin xarakter daşımaqla yanaşı, orada vurğulanan dəstəyin tez bir zamanda reallaşdırlacağı baxımından da fərqlənirdi ki, bu da rəsmi Ankaranın həmin təxribatının arxasında son dərəcə təhlükəli və məkrli niyyətin durmasını bilməsini və bundan doğan qəzəbini ortaya qoyurdu. Cənab Ərdoğanın “Bu, Ermənistanın boyunu aşan məsələdir”,- deməsi də hayların yenə alət rolunda çıxış etdiklərini təsdiqləyir.

Türkiyənin Müdafiə naziri Hulusi Akarın iyulun 10-da Ukraynaya səfəri, orada bu dost ölkənin torpaq büytünlüyü məsələsində hərtərəfli dəstək verəcəklərini öncəkilərdən daha aydın, konkret şəkildə bildirməsi faktını xatırlatmalı olsaq, mənə elə gəlir ki, bunun arxasında təkcə Suriyada və Liviyada gedən proseslər durmurdu. Ola da bilsin ki, haylardan yenidən alət kimi faydalanılacağı haqda öncədən bilgilər vardı və bunu etməyə çalışanların qarşısına həm də Ukrayna kartıyla çıxıla bilinəcəyi göstərilirdi.

Əgər yada salsaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin rəhbər heyəti də son günlər cəbhə bölgəsinə ardıcıl səfərlər edirdi, mümkündür ki, ölkəmizə qarşı hansısa təxribatın hazırlandığını biz də bilməmiş deyildik. Əlbəttə, bütün bunlar fərziyyədir, amma bir sıra faktlar, Ermənistanın bu təxribata çoxdan hazırlaş(dırıl)dığını göstərir. Belə bir hazırlıqdan xəbər tutmaq isə indiki dövrdə elə də çətin deyil.

Əvvəllər də bildirdiyim kimi, Qərbdə haylara Franklin Ruzveltin Nikaraqua diktatoru Anastasio Somosa Qarsiaya yanaşdığı sayaq yanaşılmasına baxmayaraq, onlara bu dəfə umduqları dəstəyin verilməməsi, Cənub Qaz Dəhlizindən yararlanacaq Avropa ölkələrinin bir çoxunda isə əksinə, onlara qarşı yönələn açıq tənqidlər də onu göstərir ki, orada Ermənistan ordusunun “proksi” funksiyası yerinə yetirdiyi düşüncəsindədirlər. ABŞ-ın ATƏT-dəki daimi təmsiçisi Ceyms Qilmorun “Yaranmış vəziyyətdə ATƏT-in Minsk qrupu həmsədrləri şəffaf və fəal olmalıdrlar” sözləri də düşündürcüdür. Demək, ABŞ təmsilçisi Azərbaycan-Ermənistan sərhədində baş verən təxribata yanaşmada Minsk qrupu həmsədrlərindən hansınınsa şəffaf hərəkət etmədiyini bilir ki, belə bir açıqlama verir.

Bilirsiniz, hayların iyulun 12-dəki təxribatlarının pərdə arxasındakıları, onlara harada və necə dəstək verilə biləcəyini bütün detallarıyla açıb göstərməyi bəzi səbəblərdən mən düzgün saymıram. Ona görə saymıram ki, heç bir tərəf, ilk növbədə də Azərbaycandan belə bir dəstəyin olduğunu təsdiqləyən rəsmi açıqlama yoxdur. Əlbəttə, belə bir açıqlamanın olmaması, heç də tam dəstəyin yoxluğu anlamına gəlmir. Ancaq konkret hədəf göstəriləndə gərək konkret fakt da açıqlnasın ki, onlar varsa da, mən bilimirəm.

Bütün bunları isə ona görə yazıram ki, sosial şəbəkədə təxribatçıları demirəm, səmimi qəlbdən Azərbaycanı yaranmış fürsətdən faydalanaraq daha da irəli getməyə, Ermənistanın paytaxtı qarışıq bütün şəhərlərinin altını üstünə çevirməyə çağıran soydaşlarımız anlasınlar ki, bu ölkənin rəhbərliyi nə etmək, necə etmək və haçan etmək lazım gəldiyini hamımızdan daha yaxşı bilir.

Bəli, bizim Ermənistanın bütün şəhərlərinin altını üstünə çevirmək imkanımız var, ancaq o şəhərlərdən azı ikisində Rusiyanın bazası, onlar arasında qarşılıqlı hərbi yardım haqda öhdəlik və KTMT reallığı ola-ola buna gedilə bilərmi, belədə Moskva baş verənlərə seyirçimi qalacaq?

Digər ölkələrin ekspertlərinin fikirlərini oxuyun, görün, son günlər dövlətimizin atdığı addımların zərgər dəqiqliyi haqda nə yazır, bizim davranışımızı oxşar problemlərlə üzləşənlərə necə örnək göstərirlər. Ukraynanın infromasiya resurslarında isə açıq şəkildə bildirlirilir ki, bu döyüşlərdə Azərbaycan təkcə hayların deyil, havadarlarının da cavabını soyuqqanlı və həm hərbi-strateji, həm də hərbi-taktiki baxımdan çox savadlı şəkildə verdi.

Haylar cavablarını artıqlamasıyla aldılar, necə ki, Prezidentimiz cənab İlham Əliyev rəhbərlərini diplomatik müstəvidə maymaq vəziyyətinə salmışdı, eyni durumla cəbhədə hərbiçiləri də üzləşdilər. Və əgər onlardan bu təxribatda öz geosiyasi maraqları üçün faydalanmağa çalışanlar vardısa, elələrinə də fürsət verilmədi. Həmin güclərin yeganə qazancı bu oldu ki, forpostdakılar onlarsız, Azərbaycan torpaqlarını işğa altında saxlamaq nədir, bu regiona necə gətiriliblərsə, elə də buxarlanacaqlarını növbəti dəfə gördülər və ona görə də daha sədaqətli olmasa da, daha təbəəcəsinə davranmaq zorundadırlar.



Sahib Alıyev,
Millət vəkili
Azvision.az üçün



Teqlər: İyul-döyüşləri   Tovuz   Ermənistan  





Xəbər lenti