Sakitlik istəyirəm...

Sakitlik istəyirəm...
  19 Mart 2013    Oxunub:7699
Flora Hüseynova
aktrisa
Sakitlik istəyirəm, meşə sakitliyi – ağacdan qopub düşən yarpağın torpaqla təmasından yaranan səsin eşidilə biləcəyi bir sakitlik.

Sakitlik istəyirəm, dəniz sakitliyi – qumlu sahildə yolunu azmış bir böcəyin dəniz sularına düşüb boğulakən xilas olmaq üçün çapaladığı zaman çıxaracağı səsin eşidilə biləcəyi bir sakitlik.

Sakitlik istəyirəm, səma sakitliyi – buluddan ayrılan bir damla yağışın havanı yara-yara yerə düşərkən özündən əvvəl yağan yağış damlaları ilə qovuşduğu an yaranan ecazkar səsin eşidilə biləcəyi bir sakitlik.

Sakitlik istəyirəm, gecə sakitliyi – kimsəsiz küçələrin, yolların kənarındakı gecə lampalarının işığına dolanan pərvanələrin çırpıntısının eşidilə biləcəyi bir sakitlik.

Sakitlik istəyirəm, elə bir sakitlik ki, səni məndən ayıran məsafənin uzaqlığına baxmayaraq, aldığın nəfəsin hənirtisini eşidə bilim.

Sakitlik istəyirəm – nə qədər uzaqda olsan belə, addım səslərini eşidə bilmək üçün, elə bir sakitlik ki, ürəyinin döyüntülərini eşidim və mənsiz necə olduğunu hiss edim.

Əslində bütün bu sakitlik sənin varlığını hiss etmək üçün lazımdır mənə. Səni mənə hiss etdirəcək bir sakitlik.

Sonra qoy yenə meşə səs-küyü uğuldasın, dəniz şıltaqcasına çırpınıb dalğalansın, səmada ildırmlar çaxsın, şütüyən maşınlar gecənin sakitliyini vəhşicəsinə pozsun. Bütün bunların mənim üçün heç bir önəmi yoxdur, yetər ki, sənin nəfəsini, ürəyini, varlığını hiss edim.

Amma səni hiss etmək üçün hələ ki, sakitlik istəyirəm. Nə olar, heç olmasa bir neçə dəqiqəlik. Bu, mənə bəs edər...


Teqlər:  





Xəbər lenti