Tut ağacı və yetim “3 nömrəli”…
Məhəlləsində tut ağacı olanlar bilir ki, tutun geniş qolları olurdu, birdə yaşlı ağacın içində oyuqları. O oyuqlardan biri mənim, biri isə əmim oğlunun “evi” idi…Bir gün yenə o ağacın başında “evimizdə” oturmuşduq. Rəhmətlik Qədir Rüstəmov nənəmgilin qonşusu idi. Məhəlləmizdə də hamam var idi. “2 nömrəli hamam” Ağdamda məhşur idi. Qədir Rüstəmov əlində qara diplomata bənzər çanta ilə o hamama gedirdi. Əmimoğlu əlini qulağına qoyub uca səsələ xanəndənin segahların oxuyardı. Səsi də yaxşı idi. Nə də olsa Qarabağ suyunu içirdi. Rəhmətlik sənətkar da gülmüşdü ki, səndən yaxşı müğənni olacaq. Bu həmişə təkrar olunurdu. Sənətkar məhəllədən keçəndə əmimoğlu və mən başlayardıq segah oxumağa. O da həmişə eyni sözü təkrar edirdi. Əmimoğlu da bir dəfə dedi ki, mən mügənni yox, milyoner olacam. O da güldü, dedi, haqqın yolun tapmısan.
İndi nə əmimoğlu var, nə də Qədir. İkisi də rəhmətə gedib…Amma o tut ağacından xəbərim yoxdu. Çünki Ağdamda biz yoxuq. Bəlkə də mənim uşaqlıgımın xatirəsi o ağac indi kəsilib. Erməni əsgərlərinin soyuqdan üşüyən əllərinə odun-ocaq olub. Bəlkə də məhəlləmizdəki çinar ağacları ilə birlikdə boyunlarını yerə soxublar. Bilmirəm. Düşündükcə uşaqlığımın xoş günlərini xatırlayır və bədbəxtləşirəm. Amma mən o ağac üçün çox darıxmışam. Onun altında üzərimə düşən tutları saymağı, üstündəki “evimi”, Qədir Rüstəmova oxuduğumuz o segahı çox xatırlayıram. Ağacın altında tutla qarışıq yediyimiz o torpağı…Yurdun torapağının dadı da başqa olurmuş. Orda insanın səsi də fərqli çıxırmış. Burda istədim ki, o mahnılardan birini oxuyam, ancaq səsim çıxmadı belə. İnsanın yurdunda səsi də bərk çıxırmış demək. Mən indi Ağdamdakı min bir əziyyətlə tikib qurduğumuz evi deyil, o qoca tutun qoynundakı “evimi” istəyirəm. Bəzən xəyallar da qururam. Ağdamda Azadlıq meydanından keçib, “üzümçülər” evinə baxıram. Sonra “raykomun” binasında səsgücləndirci ilə mərkəzə yayılan mahnını dinləyib köşədəki “budkadan” 25 qəpiklik dondurma alıb üzü aşağı evimizə doğru gəlirəm. Öz evimizin yolundan nənəmgilin qapısına boylanıb tut ağacına salam verirəm. Məhləmizə çatıb hamının “yetim 3 nomrəli” dediyi məktəbimizə tərəf boylanıb evimizə girirəm.
Elə burda da xəyallarım qırılır və mən anlayıram ki, indi həm 1-ci sinfə gedib sonacan oxuya bilmədiyim məktəbim, həm də mən yetim qalmışam. Həm yurdum gedib, həm atam, həm tut ağacım, həm də Qədirlə əmimoğlu…Çox mərtəbəli yetiməm mən…
Məhsəti Şərif, İstanbul