Orxan Zeynalovdan xəbər gəldi
AzVision.az APA- ya istinadən xəbər verir ki, cinayət işinin istintaqını aparan müstəntiqlər qətlin təfərrüatlarının tam müəyyənləşdirə biliblər. Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Şəhər İstintaq İdarəsinin rəisi Vadim Yakovenko bildirib. Onun sözlərinə görə, qətl törədilən günü Orxan Zeynalov kafedə olub: “Sərxoş vəziyyətdə kafedən çıxan O. Zeynalov evə gedərkən yolda Yeqor Şerbakov və onun rəfiqəsi ilə rastlaşıb. Zeynalov onları təhqir etməyə başlayıb. Şerbakovla Zeynalov arasında mübahisə yaranıb. Bu zaman Zeynalov cibində gəzdirdiyi bıçağı çıxararaq Şerbakova iki zərbə endirib. Bıçaq zərbələrindən biri Şerbakovun düz ürəyinə dəyib”.
İdarə rəisi hazırda kompleks istintaq hərəkətlərinin keçirildiyini bildirib: “Baxmayaraq ki, təqsirləndirilən şəxs günahını etiraf etməyib, onun özünümüdafiə versiyası toplanmış sübutlar vasitəsi ilə tamamilə inkar olunur".
Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda keçən ilin oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi ölkədə böyük rezonansa səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər.
Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmə də bu ifadəni təzyiq altında verdiyini bildirib və ittihamları rədd edib.
Teqlər: