Leyla Əliyeva Maltada sərgi açdı - FOTOLAR

Leyla Əliyeva Maltada sərgi açdı - FOTOLAR
  18 Fevral 2014    Oxunub:1394
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində fevralın 17-də Maltanın paytaxtı Valettada, Prezident sarayında “Yer kürəsi uşaqların gözü ilə” devizi altında sərgi açılıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın Prezidenti Corc Abela, Baş naziri Cozef Muskatın xanımı Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu ölkənin dövlət və hökumət rəsmiləri, ətraf mühitlə bağlı bir sıra qurumların rəhbərləri, ali təhsil ocaqlarının təmsilçiləri, habelə Azərbaycanın İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov və başqaları iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli fotoqraf Reza Deqatinin dəstəyi ilə 2012-ci ildə baş tutan “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur. Həmin ilin sentyabrında elan olunub, “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqədə dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və gənc iştirak etmişdir. Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib.

Müsabiqənin qalibləri Reza Deqatinin sədrlik etdiyi, “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.

Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin mayında Bakıda “Yer kürəsi uşaqların gözü ilə” festivalı keçirilib.

Valettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş 100 ən yaxşı şəkil nümayiş olunur.
“Yer kürəsi uşaqların gözü ilə” sərgisinin təşkilatçıları İDEA İctimai Birliyi və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır. 2012-ci ilin oktyabrında Moskvada keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində də təşkili planlaşdırılır.
Əvvəlcə “Yer kürəsi uşaqların gözü ilə” layihəsinin nümayəndəsi, Maltanın məşhur fotoqrafı Çarls Mifsud tədbir iştirakçılarını salamlayıb və sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu təkcə fotosərgi deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn uşaqların ətraf mühitə baxış tərzidir.

Azərbaycanın heyranedici ölkə olduğunu deyən Çarls Mifsud ədəbiyyatımızın, tarixi abidələrimizin onu məst etdiyini diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışaraq deyib:

- İlk öncə, özünəməxsus tarixə malik bu gözəl ölkədə olmaqdan məmnunluğumu bildirmək istərdim. Bu gün biz buraya İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası və dünyanın aparıcı fotoqraflarından biri olan Reza Deqati tərəfindən əsası qoyulan “Yer kürəsi uşaqların gözü ilə” devizi altında həyata keçirilən beynəlxalq layihəni təqdim etmək üçün toplaşmışıq. Sərgi 90-dan çox ölkədən minlərlə uşağa öz istedadlarını nümayiş etdirməyə və ətraf mühitə, təbiətə olan maraqlarını göstərməyə imkan yaradır. Nümayiş olunan şəkillərin fərqli cəhəti ondan ibarətdir ki, onlar təkcə təbiətin gözəlliklərini deyil, eyni zamanda, planetimizin üzləşdiyi təhlükə və dağıntıları əks etdirir. Bu, uşaqların yer kürəsində baş verənləri anlaması və hiss etməsi üçün yaxşı təcrübədir. Sərgi bir daha göstərir ki, dünyanın müxtəlif bölgələrindən olan insanlar planetimizi qorumaq məqsədilə bir araya gəlir.

Azərbaycan çox zəngin biomüxtəlifliyə malikdir. Ölkəmizdə ətraf mühitə dair əsaslı proqram mövcuddur. Proqrama uyğun olaraq ətraf mühitə dair bir çox təşəbbüslər həyata keçirilmiş, mühüm nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan qonşu dövlətlər arasında dialoqun qurulmasında bilavasitə iştirak edən və bu işə töhfə verən ölkədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu gün ətraf mühit üzrə təşəbbüslərin həyata keçirilməsi istiqamətində regionda liderdir. Çox şadam ki, İDEA İctimai Birliyi bu təşəbbüslərə öz töhfəsini verməkdədir.
Ümid edirəm ki, sərgi planetimizin qorunmasında iştirak etmək istəyən insanların sayını artıracaqdır.

Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə, baxmayaraq ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur. Tarixən hər iki ölkə Avropa ilə dünyanın digər bölgələri arasında körpü rolunu oynayıb.

Reza Deqati vurğulayıb ki, sərgidə bir çox ölkələri təmsil edən və birgə çalışdığı uşaqların işləri nümayiş olunur. Bu şəkillər vasitəsilə biz yaşadığımız dünyaya bir daha nəzər yetirmiş oluruq.

Qeyd edilib ki, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın belə bir təşəbbüsü irəli sürməsinin məqsədi gələcək nəsilləri ətraf mühitlə bağlı məlumatlandırmaqdır. Məhz, uşaqların gözü ilə ətraf mühitlə bağlı problemlərin nə dərəcədə önəmli olduğunu nümayiş etdirmək çox gözəl ideyadır.
Bakı ilə Maltanın şəhərlərini biri-birinə bənzədən Reza Deqati diqqətə çatdırmışdır ki, sərgi iki ölkəni daha da yaxınlaşdırır.

Tədbirin əhəmiyyətindən danışan Vaqif Sadıqov vurğulayıb ki, belə bir sərginin keçirilməsi müxtəlif qitələri təmsil edən uşaqların planetimizi necə gördüyünü öyrənmək baxımından olduqca vacibdir. Sərgi ilə tanışlıq zamanı uşaqların onları əhatə edən dünyanı, təbiəti necə təsəvvür etdiklərini, planetimizi daha gözəl bir məkana çevirmək üçün balacaların hansı xəyalları qurduqlarını görmək mümkündür.

Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin müvafiq istiqamətdə gördüyü işlərə toxunan səfir, qurumun dünyanın müxtəlif ölkələrində bu cür sərgilər təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu cür tədbirlər təbiəti qorumaq üçün səfərbər olan insanların bir araya gəlməsi baxımından yaxşı imkan yaradır.
Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan Vaqif Sadıqov bildirmişdir ki, son illərdə ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf etməkdədir.

Tədbirdə çıxış edən Evarist Bartolo bildirib ki, yaradıcılıq, fikirlərin, hisslərin effektiv ifadəsi sərginin ən mühüm elementləridir. Biz bu şəkillər vasitəsi ilə uşaqların yer üzündə mövcud olan gözəllikləri necə əks etdirdiklərinin şahidi oluruq. Sərgi, eyni zamanda, ətraf mühitdə cərəyan edən mənfi prosesləri görməyimiz üçün də yaxşı imkan yaradır. Təbiətin çirklənməsi və insanların ətraf mühitə vurduğu ziyan dəhşətli həddə çatıb. Məhz bu şəkillər həqiqətləri görməkdə bizə yardımçı olur.

Malta Respublikasının Prezidenti Corc Abela sərgidə çıxış edərək, bildirib ki, son dövrdə bizi əhatə edən təbiət unudulub. İnsanlar ətraf mühitdə baş verənlərə biganə yanaşırlar. Bu baxımdan planetimizdə cərəyan edən hadisələrə uşaqların gözü ilə baxmaq olduqca maraqlıdır.
Maltanın dövlət başçısı diqqətə çatdırmışdır ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər təkcə siyasi səviyyədə deyil, digər istiqamətlər üzrə də inkişaf etməkdədir. Xalqlarımız ortaq dəyərləri bölüşür.

Malta dövlətinin başçısı sərginin bu ölkədə keçirilməsi təşəbbüsünə görə İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şərəfinə Maltanın Baş nazirinin yay iqamətgahı olan Girgenti sarayında şam yeməyi verilib.

Sərgi fevralın 28-dək davam edəcək.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti