Moskvada azərbaycanlı rəssamın sərgisi - FOTOLAR

Moskvada azərbaycanlı rəssamın sərgisi - FOTOLAR
  20 Fevral 2014    Oxunub:1857
Moskvadakı Rusiya Dövlət Kitabxanasında (RDK) Rusiya Federasiyasının Əməkdar Rəssamı, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun "Məhəbbətin sirri" adlı fərdi sərgisi açılıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, RDK-nın baş direktorunun müavini Lyudmila Tixonova sərginin açılışında çıxış edərək bildirib ki, Azərbaycan rəssamının sərgisi həm də Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı istiqamətində daha bir addımdır. O deyib: "Əsgər Məmmədov tükənməz yaradıcılığı ilə iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirir və mədəniyyətlərimizin qarşılıqlı surətdə zənginləşməsinə öz töhfəsini verir".

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçisi, "Baku" jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova qeyd etmişdir ki, Əsgər Məmmədovun əsərləri iki dəfə - birinci dəfə 1992-ci ildə Qarabağ müharibəsi zamanı, ikinci dəfə isə Moskva ətrafındakı İzmaylovoda qalereya binalarının yanması nəticəsində məhv olub. Lakin rəssam özündə qüvvə taparaq yaradıcılığını davam etdirmiş və bu gün onun 70-dən çox əsəri sərgidə nümayiş olunur.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib ki, Əsgər Məmmədov taleyin bütün kəşməkəşlərinə baxmayaraq, gələcəyə inamını itirməyib. O deyib: "Əsgər Məmmədov əslən Qarabağdandır. Rəssam öz dərin fəlsəfi əsərləri ilə bir daha bizə deyir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və indi düşmən tapdağı altında olsa da, əsl sahiblərini qaytaracaq. Biz şübhə etmirik ki, Əsgər Məmmədov doğma diyarı Qarabağda hələ çox əsərlər yaradacaqdır".

Sərgidə rəssamın Azərbaycan və Rusiya təbiətini vəsf edən 70-dən çox əsəri, o cümlədən peyzaj, natürmort, portret, qrafika janrında əsərləri nümayiş etdirilir. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın portreti, "Müqəddəs torpaq", "Yanmış zaman" və digər əsərlər xüsusi maraq doğurub.

Qeyd edək ki, Əsgər Məmmədov doğulduğu Qarabağ torpağında yaradıcılığa başlamış və orada qalereya yaratmışdı. 1992-ci ildə erməni bombardmanı zamanı qalereya yanmış və rəssamın əsərləri məhv olub. Daha sonralar rəssam yaradıcılığını Moskvada davam etdirib və Moskva ətrafındakı İzmaylovo şəhərində əsərlərini sərgiləmişdir. Lakin tale rəssama ikinci dəfə zərbə vurub.

2005-ci ildə qalereya binasının yanması nəticəsində Əsgər Məmmədovun 150-dən çox əsəri məhv olub.

Qalereya




Teqlər:  





Xəbər lenti