Oqtay Mirqasımın yeni filminin TREYLERİ

Oqtay Mirqasımın yeni filminin TREYLERİ
  20 Fevral 2014    Oxunub:2354
Nizami Kino Mərkəzində “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin təqdimatı keçirilib. Filmin rejissoru və ssenari müəllifi, xalq artisti Oqtay Mirqasımdır.
Film «Didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur» sözləri ilə başlayır.

Ekran əsəri Azərbaycanda yaşamış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından bəhs edir.

XIX əsrin əvvəllərində alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək bu ərazilərdə məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığından -- Almaniyanın indiki Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı, sonra isə Şəmsəddin və Qazax mahallarında yeni alman yaşayış məntəqələrini yaratmışdılar. Beləliklə, Azərbaycan burada yurd salan almanların ikinci vətəninə çevrilir. Bir neçə nəsil dəyişmiş və həmin almanlar yerli əhali ilə qaynayıb-qarışmışlar. Filmdə o hadisələrlə yanaşı, müasir zaman da təsvir edilir.

Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda - Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin ucqar dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb.

Ekran əsərində məktublar, etiraflar, xatirələr, insanın hiss və yaşantıları əks olunub.

Rolları azərbaycanlı aktyorlardan Ramiz Əzizbəyli, Ayan Mirqasım, Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov, alman aktyorlardan Uilrix Rexenbax, Mixael Şvartsmayyer, Diter Hallervorden, gürcü aktyorlardan Georgi Cabaridze, Revaz Tavarkiladze, Levan Boçorişvili, Toma Bulaşvili oynayırlar.

AzVision.az filmin treylerini təqdim edir.




Teqlər:  





Xəbər lenti