Azay Quliyev Almaniyada görüşlər keçirib
Görüşdə Azərbaycanın Almaniya Fedarativ Respublikasındakı fövqəladə və salahiyyətli səfiri Pərviz Şahbazov da iştirak edib.
Görüşdə A.Quliyev Azərbaycan-Almaniya, Azərbaycan-Avropa İttifaqı münasibətlərindən söz açaraq, Azərbaycanın Avropaya inteqrasiyası yolunda Almaniyanın göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Bununla yanaşı, görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın daha aktiv iştirakına nail olunması barədə fikir mübadiləsi aparılıb.
Millət vəkili dünən həm də Berlində Almaniyanın nüfuzlu Konrad-Adenauer Fondunun Avropa və Şimali Amerika bölməsinin rəhbəri Yens Paulus və Fondun Cənubi Qafqaz ölkələri üzrə kuratoru Yasper Aytse, həmçinin Almaniyanın Fredrix-Elbert Fondunun Cənubi Qafqaz üzrə koordinatoru Mixayıl Vayxert ilə də görüşlər keçirib.
Görüşlərdə rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası barədə məlumat verən millət vəkili, təmsil etdiyi təşkilatın Almaniya fondları ilə əməkdaşlıqda maraqlı olduğunu, birgə layihələr həyata keçirmək imkanlarının mümkünlüyünü bildirib və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb. Bununla yanaşı, A.Qulyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqşəsinin hazırkı durumu barədə Fond təmsilçilərinə məlumat verib və münaqişənin həlli barədə fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycanın Almaniyadakı səfirliyinin 2-ci katibi Nurçin Əliyev də iştirak edib.
Həmin gün Azay Quliyev Berlində Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şleyer və Forumun icraçı direktoru Mixail-Andreas Butsla da görüşüb.
Görüşdə Azərbaycanla bağlı həyata keçirilmiş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr, habelə Forum və Şura arasında əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər iki ölkə arasında iqtisadiyyat, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, bu sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsi imkanları barədə söhbət açıblar. Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair konfransların, simpoziumların və seminarların təşkili istiqamətində əməkdaşlıq etmək barədə razılıq əldə olunub.
Teqlər: