Polis rəisini və oğlunu güllələyən şəxs hadisə yerindən qaçıb
Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov Sabunçu qəsəbəsində yaşayır. Onun Gülağa (soyadı məlum deyil) adlı qonşusu ilə aralarında mübahisə düşüb. Gülağa yaşadığı evdən ov tüfəngini götürərək, A. Nəzərovun yaşadığı evə gəlib və onlara atəş açıb. Bu zaman güllələrdən biri qonşuları sakitləşdirmək istəyən digər qonşu Fərid Qədirova dəyib. O, aldığı güllə yarasından dünyasını dəyişib.
A.Nəzərov və oğlu Asif, həmçinin onların yanında olan daha bir qonşu, Yusif Əlipaşayev də güllə xəsarəti alıblar.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən şəxs qaçıb, onu saxlamaq hələlik mümkün olmayıb.
Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.