QHT-lərin şikayətləri müzakirə edilib

QHT-lərin şikayətləri müzakirə edilib
  26 Fevral 2014    Oxunub:1312
Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yanında yaradılan “Hüquq və Monitorinq” Komissiyasının (Komissiya) ilk iclası keçirilib.

Komissiya üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əlimməməd Nuriyev komissiyanın qarşısında duran vəzifələr, gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda Komissiyanın Əsasnaməsi qəbul edilib və Komissianın katibi seçilib. Daha sonra ayrı-ayrı qeyri-hökumət təşkilatlarından (QHT) daxil olan müraciətlərə baxılıb.

Müraciətlər kommersiya bankları tərəfindən 2012 və 2013-cü illlərdə bağlanmış bir sıra qrant müqavilələri üzrə növbəti köçürülən maliyyə vəsaitlərinə dair bank əməliyyatlarının aparılması üçün qrant müqaviləsinin qeydə alınması barədə bildirşlərin tələb edilməsi və özəl otellərdə bir sıra qeyri-hökumət təşkilatlarına tədbirlər keçirilməsinə maneələrin yaradılması ilə bağlı olub.

Komissiya əvvəlki illərdə bağanmış qrant müqavilələri üzrə köçürülən maliyyə vəsaitləri ilə bağlı bildirişlərin tələb edilməsini qanunsuz hesab edib və bunun Komissiyanın müvafiq banklar və Milli Bankla birgə məsləhətləşmələri yolu ilə aradan qaldırılmasını vacib sayıb. Komissiya eyni zamanda hesab edib ki, layihələrin icrası üzrə ləngimələrin olmaması üçün qeydə alınmış qrant müqavilələri barədə bildirişlərin (məlumatın) banklara qeydiyyat orqanı tərəfindən elektron qaydada göndərilməsi daha səmərəli qayda ola bilər.

Otellərdə tədbirlərin keçirilməsinə maneələrlə bağlı isə, qərara alınıb ki, bunun səbəbləri öyrəniləcək və məsələnin müsbət həllinə çalışılacaq.

Komissiya həmçinin, QHT qanunvercilyinə 17 dekabr 2013-cü il tarixli dəyişikliklərdən sonra QHT-lərdən qanunvericiliyin tətbiqi ilə bağlı üzləşdikləri problemlər, çətinliklər barədə [email protected] elektron poçt ünvanına yazaraq məlumat vermələrini xahiş edir.

Komissiyanın növbəti iclasınadək onun Fəaliyyət Planı hazırlanacaq və müraciətlər üçün digər əlaqə vasitələri (ünvan, telefon nömrələri, elekton poçt) açıqlanacaq.

Xatırladaq ki, “Hüquq və Monitorinq” Komissiyası QHT qanunvercilyinə 17 dekabr 2013-cü il tarixli dəyişikliklərdən sonra qanunvericiliyin tətbiqi üzrə yarana biləcək problemlərin aradan qaldırılması və bu sahədə QHT-lərə yardım göstərilməsi məqsədilə yaradılıb.


Teqlər:





Xəbər lenti