SSRİ-nin son qəhrəmanı: Ermənilər Oleq Babakı Qarabağda necə öldürmüşdülər - Hadisənin şahidi danışır

  SSRİ-nin son qəhrəmanı:  Ermənilər Oleq Babakı Qarabağda necə öldürmüşdülər -  Hadisənin şahidi danışır
  08 Aprel 2021    Oxunub:20454
“Ermənilər tez-tez sərhəddə yerləşən kəndlərə hücum edib, qətllər törədirdilər. O zaman Qubadlının Yuxarı Cibikli kəndində sovet zabiti də daxil olmaqla bir neçə nəfəri öldürdülər”.
Bunu Azvision.az -a Qubadlının işğalından əvvəl rayon partiya komitəsinin ikinci katibi olmuş Razim Əliyev 1991-cı ilin aprelin 7-də ermənilərin rayon ərazisində yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın etməsindən və Yuxarı Cibikli kəndində törətdikləri dəhşətli cinayətlərdən danışarkən deyib.

Həmsöhbətimiz 30 il əvvəl baş verən qanlı hadisələrdən söz açaraq bildirib:

“1990-cı ilin yanvar ayının 15-də SSRİ Ali Soveti Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan etmişdi. Onunla əlaqədar Şuşada Moskvanın dislokasiya olunmuş briqadasının bir batalyonu yanvar ayının 17-də Qubadlıya göndərilmişdi. Həmin batalyonun da bir bölüyü Qafan və Gorusla sərhəddə yerləşən Yuxarı Cibikli kəndinin sakinlərini qorumaq üçün orada yerləşdirilmişdi. Bölük komandirinin siyasi məsələlər üzrə müavini milliyətcə ukraynalı Oleq Babak idi.

Şurnux, Ağbulaq, Şamsız kimi kəndlərdə əvvəllər azərbaycanlılar yaşayırdılar. 1988-ci ildə o yerlərin əhalisini deportasiya edib, əvəzində xaricdən gələn terrorçu erməniləri yerləşdirmişdilər. Onlar isə bizim sərhəd kəndlərinə ziyan vururdular. Tez-tez hücum edib, yerli sakinləri öldürür, girov götürürdülər.

1991-cı il aprelin 7-də baş verən qanlı cinayət meşəbəyinin oğlunun və onun qohumunun girov götürülməsi ilə başlamışdı. Meşəbəyinin oğlu atasına kömək etmək məqsədilə həmişə meşəni gəzib, əraziyə nəzarət edirdi. Həmin gün o, meşəyə dayısı oğlu ilə birgə gəlibmiş. Şahin və Qərib adlı gənclər meşədə gəzdikləri vaxt ermənilərin pusqusuna düşüblər. Ermənilər uşaqlardan birini yerindəcə öldürüb, digərini girov götürmüşdülər.

Meşəbəyinin oğlunun meyitini elə yerə qoymuşdular ki, kənd camaatı onun dalınca gələndə pusquya düşsünlər və onları kütləvi şəkildə girov götürmək mümkün olsun. Elə də olmuşdu, insanlar öldürülən oğlanın axtarışına gedəndə pusquya düşmüşdülər. Ora gedənlərdən biri də həmin kəndin sahə müvəkkili idi. Beləliklə, atışma baş vermişdi. Azərbaycanlıları mühasirəyə almışdılar. Sahə müvəkkilini yaralamışdılar. Kənd əhalisinin silahı yox idi, ov tüfəngi ilə atışırdılar. Avtomat yalnız sahə müvəkkilində idi, onu isə vurmuşdular. Öldürülən oğlanın nişanlısı Gülnarə adlı qız da daxil olmaqla, kənddə bir neçə nəfəri yaralamışdılar. Atışma ilə bağlı rayon mərkəzinə xəbər verildi, hadisə yerinə polislər göndərildi. Mən o zaman rayon partiya komitəsinin ikinci katibi işləyirdim. Biz ora çatanda iki saatdan artıq davam edən atışma dayanmışdı və yaralıları maşınlarla rayon mərkəzinə göndərmişdilər”.



Razim Əliyevin sözlərinə görə, bölük komandirinin müavini Oleq Babak hücum zamanı qəhrəmancasına döyüşərək şəhid olub:

“Oleq Babak iki serjant - Loginov və Boçkov ilə birgə kənd əhalisinin müdafiəsində iştirak etmişdi. O, erməni terrorçularından 24 nəfəri zərərsizləşdirmişdi. Onun gülləsi qurtarandan sonra tabeçiliyində olan serjantları oradan çıxarıb, onların silahları ilə axıra qədər atışmada iştirak etmişdi. Və sonda bütün güllələrin bitdiyini görüb, ermənilərə sovet zabiti olduğunu və atışmanı dayandırdığını deyib. Buna baxmayaraq, onu əsir götürmüşdülər. Biz kəndə çatanda artıq Oleqi aparmışdılar. Bizimlə birgə yeni təyin olunan komendant da gəlmişdi. Adətən ermənilər komendantlar dəyişilən vaxtlarda qətllər törədirdilər. Çünki təzə gələn komendant vəziyyəti bilmirdi.

Babakı əsir götürən ermənilərdən biri onu tanımışdı. Onlar hərbi məktəbdə birgə oxumuş və Sovet Ordusu sıralarında birgə qulluq etmişdilər. Ancaq həmin erməni belə komandir müavininə rəhm etməmişdi, onurğa sütunundan atəş açıb öldürmüşdü. Onun arxasınca gedən zirehli maşın yarım saatdan sonra nəşini gətirmişdi. Cansız bədənini maşınıma qoyub, iki əsgərlə rayon mərkəzinə göndərdim. Oleq Babakla biz çoxdan tanış idik. Ona bizim torpaqlardan, Qarabağdan danışırdım. Belə söhbətlərə maraqla qulaq asırdı. Özüm isə kənddə camaatla birgə qaldım. İkinci hücum ola bilərdi. Tədbirli olmaq lazım idi. Ermənilər meşəyə apardıqları girovu 7 gün sonra qaytardılar. Biz onu digər girovla dəyişdik.

Oleqin nəşi bir neçə gün rayon mərkəzində, hərbi hissənin yerləşdiyi yerdə qalıb. Rayon rəhbəri, birinci katib Şahsuvar Yahyayev və yerli camaat onun qəhrəmanlığı haqqında Moskvaya, Qorbaçova teleqram vurdular. Biz onun qəbirüstü abidəsini rayonda düzəltdirib, Ukraynaya göndərdik. Həmin ilin sentyabrın 17-də ona Sovet İttifaqı qəhrəmanı adı verildi. Dekabr ayında isə SSRİ dağıldı və beləliklə, Oleq Babak Sovet İttifaqının son qəhrəmanı oldu”.

Xatırladaq ki, O.Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətində anadan olub. SSRİ xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan O.Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra mülki şəxsləri qoruyub.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qubadlı   Ermənistan   Cinayət  





Xəbər lenti