Varşava ilə Budapeşt arasında ciddi qalmaqal yaşanır

Varşava ilə Budapeşt arasında ciddi    qalmaqal    yaşanır
  20 Dekabr 2024    Oxunub:485
Varşava Macarıstanın Polşa Ədliyyə nazirinin fərari keçmiş müavini, müxalif “Hüquq və Ədalət” partiyasından olan deputat Marçin Romanovskiyə siyasi sığınacaq vermək qərarına qəzəblənib.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bu addım Polşa ilə Macarıstan arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb ola bilər.

Nəşr bildirib ki, Budapeşt Romanovskiyə sığınacaq verildiyini dünən ela edib. Polşanın Xarici İşlər naziri Radoslav Sikorski bu qərarı Macarıstan hökumətinin “dost olmayan addımı” kimi qiymətləndirib. Bu gün isə, Macarıstanın Polşadakı səfiri bu ölkənin XİN-nə çağırılıb.

“Avropanın həbs qərarı ilə axtarışda olan Marçin Romanovskiyə siyasi sığınacaq verilməsi qərarını Polşa respublikasına qarşı düşmənçilik və Avropa İttifaqına (Aİ) üzv dövlətlər üçün məcburi olan elementar prinsiplərə zidd hərəkət hesab edirik. Bu qərarın siyasi təqib kimi əsaslandırılması vətəndaşlara və Polşa hakimiyyətinə qarşı təhqirdir”, - Polşa XİN-in bəyanatında vurğulanır.

Bundan əlavə, Polşanın baş naziri Donald Tusk Macarıstan hökumətini Aleksandr Lukaşenkonun Belarusdakı “diktatura”sı ilə müqayisə edib.

- Mən gözləmirdim ki, ədalətdən qaçan, ədalətdən sığınacaq axtaran korrupsioner məmurlar Lukaşenko və Orban arasında seçim edə bilsinlər”, - Donald Tusk jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Polşada Romanovskiyə qarşı 2019-2023-cü illərdə Ədliyyə nazirinin müavini vəzifəsində çalışarkən dövlət vəsaitlərindən sui-istifadə ilə bağlı 11 ittiham irəli sürülüb. Yayda parlament onun toxunulmazlığını ləğv etdi və dünən məhkəmə onun həbsinə Avropa orderi verib.

Daha sonra video-müraciət yayımlayan Romanovski Donald Tusku və Ədliyyə naziri Adam Bodnarı hakimiyyəti qanunsuz qəsb etməkdə ittiham edərək, haqsız yerə təqib olunduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Macarıstan   qalmaqal  





Xəbər lenti