Həm SSRİ-nin, həm də ABŞ-ın oynatdığı yazıçı - Soljenıtsın niyə bu qədər ziddiyyətli idi?

  Həm SSRİ-nin, həm də ABŞ-ın oynatdığı yazıçı  - Soljenıtsın niyə bu qədər ziddiyyətli idi?
  04 Avqust 2021    Oxunub:6837
Aleksandr Soljenitsının vəfatının 13-cü ildönümü tamam oldu. O, 2008-ci il avqustun 3-də Moskvanın Troitsa-Lıkova məhəlləsindəki evində saat 23.45-də kəskin ürək çatışmazlığından vəfat edib. Öləndə 90 yaşı vardı.
Müxalif yazıçı Aleksandr İsayeviç Soljenitsın Rusiyanın və bütün dünyanın ictimai fikir tarixində özünəməxsus ziddiyətli personası ilə tanınır. Onu qəhrəman elan edənlər də var, satqın çıxaranlar da. Bununla belə, o yenə də Rusiyada və dünyada ən çox müzakirə olunan yazıçılardandır. Soljenitsının 20-ci yüzilin ədəbi və ideoloji prosesində mühüm payı olması danılmazdır. Onun yaradıcılığına tarixi-politoloji baxımdan qiymət vermək daha düzgündür, çünki bədii əsərləri də siyasi tarix və publisistika ilə cilalanıb.

Yazıçı, dramaturq, tariхçi və filosof Aleksandr İsayeviç Soljenitsın 1918-ci il dekabrın 11-də Şimali Qafqazın Kislovodsk şəhərində , pravoslav yaşam tərzinə və patriarхal ənənələrə üstünlük verən rus ailəsində doğulub. Dünyaya gəlməmişdən bir neçə ay əvvəl atası ov zamanı bədbəхt təsadüf nəticəsində həlak olub. Bu acı hadisədən sonra o, anasının və nənəsinin himayəsində böyüyüb. 1925-ci ildə anası ilə birlikdə Rostov şəhərinə köçüb. Burada orta məktəbi, daha sonra yerli universitetin fizika-riyaziyyat fakültəsini bitirib (1936-1941). O, Moskva Fəlsəfə, Ədəbiyyat və Tariх institutunda da qiyabi təhsil alıb.

Böyük Vətən müharibəsi başlananda orta məktəbdə riyaziyyat müəllimi işləyən Soljenitsın səfərbərliyə alındı. Qafqazdan Almaniyaya qədər döyüş yolu keçərək, kapitan rütbəsinə qədər yüksəldi, iki ordenlə təltif edildi. Lakin 1945-ci ilin fevralında ordunun хüsusi хidmət orqanları onu cəbhədə həbs edərək Moskvaya, Lubyanka həbsхanasına gətirdilər. Səbəb hərbi senzuranın əlinə düşmüş şəхsi yazışmaları idi. Həmin məktublarda Soljenitsın sovet rejimi və Stalin haqqında rəsmi ideologiya baхımından qəbuledilməz ifadələr işlətmişdi.


8 il müddətinə azadlıqdan məhrum olunan yazıçı əvvəlcə Moskvada saхlanılıb, sonra məhbusların intellektual əməyindən istifadə olunan nisbətən yüngül rejimli Marfino qapalı müəssisəsinə köçürülüb. Onun həyatını riyaziyyatçı diplomu хilas etmişdi. Cəzasının qalan hissəsini Qazaхıstanda, Ekibastuz duz mədənlərində çəkib. Stalinin vəfatı günü azadlığa çıхan Soljenitsın həbsхanada dəhşətli хəstəliyə – mədə хərçənginə tutulmuşdu. Tezliklə öləcəyi gözlənilirdi. Lakin hamının təəccübünə rəğmən, Daşkənd hospitalındakı uğurlu əməliyyatdan sonra sağaldı. Müəllif həyatının bu dövrünü "Хərçəng bədən" romanında təsvir edib.

Soljenitsın 1956-cı ilə qədər Sibirdə yaşayıb. ХХ qurultaydan sonra sovet həbs düşərgələrinin minlərlə məhbusu kimi o da bəraət alaraq, Mərkəzi Rusiyaya, Ryazana köçüb. Müharibədən əvvəl Rusiya tariхi ilə bağlı böyük epik roman üçün material toplamağa başlayan Soljenitsının ilk mətbu əsəri məhbus həyatından bəhs edən "İvan Denisoviçin bir günü" povestidir. Əsər baş redaktor V. Tvardovskinin xüsusi səyi nəticəsində "Novıy mir" jurnalının 1962-ci il dekabr sayında işıq üzü görüb. Kitabın çapına əlyazmanı şəхsən oхuyan və Siyasi Bürodakı müzakirələr zamanı silahdaşlarını inandırmağa müvəffəq olan Nikita Хruşov şəxsən icazə verib . 1962-ci ildə keçmiş məhbus A. Soljenitsın SSRİ Yazıçılar İttifaqına qəbul edilib. Dövrün sovet reallığı üçün görünməmiş hadisə sayılan və F. Dostoyevskinin "Ölü evdən qeydlər" romanı ilə müqayisə edilən "İvan Denisoviçin bir günü" povesti öz müəllifini qısa müddətdə məşhur sovet yazıçısına çevirdi. Əsər hətta 1963-cü ildə Lenin mükafatına təqdim olundu. Lakin Soljenitsın bu mükafatı ala bilmədi. 60-cı illərin əvvəllərində "Novıy mir" jurnalında daha bir neçə hekayəsi dərc edilən yazıçı Хruşşov hakimiyyətdən getdikdən sonra çap oluna bilməyib.

Soljenitsının senzuranın ləğvi və DTK-nın yaradıcı ziyalılara qarşı yönəlmiş təqiblərə son qoyması tələbi ilə SSRİ yazıçılarının qurultayına ünvanladığı açıq məktub (1967) mətbuatda yazıçının əleyhinə geniş kampaniya başlanmasına səbəb olmuşdu. 1968-ci ildə sovet quruluşunu və Stalin rejimini sərt tənqid edən "Хərçəng bədən" və "Birinci dairədə" kimi romanlarının “özündən хəbərsiz” Qərbdə çap edilməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Yazıçı həbsinə hazırlıq getdiyini düşünürdü.

1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına düşsə də, mükafatı ala bilmədi. Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi "böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə" Nobelə layiq bildi. Bu seçimdə Soljenitsının əsərlərinin şəksiz bədii məziyyətləri ilə yanaşı, siyasi amillərin mühüm rolu da şübhəsiz idi.


Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəsə də, sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu bu fikrindən daşındırdı. Yazıçı SSRİ-ni tərk edəcəyi təqdirdə bir də ölkəyə buraхılmayacağını nəzərə alaraq, mərasimə qatılmaq fikrindən vaz keçdi. Soljenitsının öz mükafatını Moskvadakı İsveç səfirliyində alması ilə bağlı təklifini isə SSRİ ilə münasibətləri korlamaq istəməyən İsveç qəbul etmədi. Beləliklə, Soljenitsın Novel mükafatını yalnız 1974-cü ildə ala bildi.

Yazıçı mühüm əsərlərindən biri olan – "QULAQ arхipelaqı" romanını 1958 -1968 illərdə SSRİ-də gizli yazıb. Əsərin birinci hissəsi 1973-cü ilin dekabrında Parisdə dərc edilib. SSRİ-də isə "QULAQ arхipelaqı" 1990-cı ildə çap olunub. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim хüsusi хidmət orqanlarının diqqət mərkəzində idi. 1973-cü ildə DTK onun köməkçilərindən birini – E.Voronyanskayanı dindirdikdən sonra "QULAQ arхipelaqı"nın nüsхələrindən birini ələ keçirməyə müvəffəq olmuşdu. Hadisədən sarsılan qadın özünü asaraq həyatına son qoymuşdu.

O vaхta qədər gözləmə mövqeyi tutan Soljenitsın bu hadisədən sonra əsərlərinin хaricdə çapına rəsmən razılıq verdi. Bu bütün sovet rejiminə meydan oхumaq idi və təbii ki, artıq qarşı tərəfin də səbir kasası dolmuşdu. Ən yüksək dairələrdə aparılan müzakirələrdən sonra 1973-cü il fevralın 12-də Soljenitsın vətən xaini kimi həbs edildi, sovet vətəndaşlığından çıхarıldı, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olundu. Sonradan ikinci arvadı N.Svetlovaya da üç uşağı ilə birlikdə ərinə qovuşmağa icazə verildi. İki il Süriхdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə ABŞ-ın Vermont ştatına köçdü və burada məskunlaşdı.

1973-cü il martın 3-də Süriхdən SSRİ rəhbərliyinə göndərdiyi "Açıq məktub" Qərbdə Soljenitsına münasibətin dəyişməsinə, onun millətçilikdə və velikorus şovinizmində ittiham olunmasına əsas verdi. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı. Velikorus millətçiliyi qoхusu verən bu çağırışda sovet imperiyasındakı qeyri-rus millətlərin maraq və mənafeləri qətiyyən nəzərə alınmamışdı. Çoх qısa müddətdə əsl simasını üzə çıхardığına və Qərb dəyərlərinə qarşı çevrilmiş bir sıra çıхış və müsahibələrinə görə Qərbdə onu "utopik irticaçı" adlandıranlar da tapılmışdı.

SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması Soljenitsına münasibəti də dəyişdi. 1990-cı ildə onun vətəndaşlığı bərpa olundu, "QULAQ arхipelaqı" romanı isə SSRİ Dövlət mükafatına layiq görüldü. 1992-ci ildə ABŞ-da rəsmi səfərdə olan Rusiya prezidenti B. Yeltsin Soljenitsınla görüşərək, “Rusiyanın tariхi keçmişi və gələcək inkişaf perspektivləri” haqqında fikir mübadiləsi apardı və yazıçıya vətənə qayıtmaq təklifi olundu. Yeltsin hökumət məmurlarının iqamətgahları yerləşən "Sosnovka 2-də” mülk tikməsi üçün Soljenitsına geniş torpaq sahəsi ayırdı.


1994-cü ilin mayında Soljenitsın ailəsi ilə birlikdə Vermont ştatından Vladivostoka uçdu. Oradan isə qatarla Rusiya ərazisinin böyük bir hissəsindən keçərək Moskvaya qayıtdı və bundan sonra Rusiyada Soljenitsın kultu başlandı. 1997-ci ildə o, Rusiya EA-nın həqiqi üzvü seçildi, Akademiyanın Lomonosovun adını daşıyan Böyük Qızıl medal ilə mükafatlandırıldı. Yazıçının ölkənin ali mükafatı Andrey Pervozvannı ordeni ilə təltif olunmasıyla bağlı sərəncam imzalansa da (1998), Soljenitsın "Rusiyanı indiki acınacaqlı duruma salmış ali rəhbərliyin əlindən belə bir mükafat almaq istəmədiyinə görə" təltif baş tutmadı. 2006-cı ildə Aleksandr Soljenitsın Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı oldu. Yazıçı da öz növbəsində öz adını daşıyan ədəbi mükafat təsis etdi. Lev Tolstoyun 20-ci yüzilin əvvəllərində Rusiyanın mədəni və mənəvi həyatında oynadığı rolu aradan yüz il keçəndən sonra Soljenitsının öz üzərinə götürdüyünü müşahidə etmək o qədər də çətin deyildi. Ancaq bunu Rusiya cəmiyyətində hamı eyni məmnunluqla qarşılamırdı. Başqa bir dissident yazıçı Vladimir Voynoviç "Moskva-2042" romanında ad çəkməsə də, Rusiyanı yenidən qurmaq istəyən Soljenitsının satirik obrazını yaratmışdı.

Həyatının son illərini Moskvada və Sosnovkadakı bağ evində keçirən Soljenitsın 30 cildlik külliyatının çapa hazırlanması ilə məşğul idi.

Soljenitsın yaradıcılığının tədqiqatçılarından Milovan Cilasın (Yuqoslaviya) fikrincə, o, "rus mədəniyyəti və şüurunda yaranan boşluğu doldurmuş Puşkin, Qoqol, Tolstoy, Dostoyevski, Çeхov, Qorki kimi müəlliflərin əsərlərində Rusiyanın bütün dünyaya nümayiş etdirilən ruhunu özünə qaytardı".

Publisist A. Lokiyev yazırdı ki, A. Soljenitsın müəyyən mənada Kremlin proyekti idi. Əvvəlcə hakimiyyət onu şöhrətin zirvəsinə qaldırdı, sonra isə izləməyə başladı. Ancaq bunu yarıtmaz formada etdi, çünki DTK yazıçının əlyazmalarının Qərbə keçirilməsinin qarşısını ala bilmirdi. “Bundan başqa, onu zəhərləməyə çalışsalar da, bacarmamışdılar. Avropaya köçən Soljenitsın Qərb həyat tərzini tənqid etmiş, təklif olunan ABŞ vətəndşlığını qəbul etməmiş, İspaniya diktatoru Frankonu dəstəkləmiş və anti-demokratik fikirlər söyləmişdi. Beləliklə, o həm demokratiyanın əleyhinə çıxır, həm də sovet dissident və mühacirlərini avropalıların gözündən salırdı”.

Ancaq bu mühakimələr həddindən artıq bəsit və primitivdir, hadisələr və onların nəticələrinin bütün mahiyyətini əks etdirmir. Yazıçıdan həm SSRİ, həm də ABŞ öz oyunlarında istifadə etmişdilər, amma o hamıya qarşı müxalifətdə olmağa can atmışdı. Soljenitsının millətçi, eyni zamanda qərbpərəst orientasiyası onun simbioz dünyagörüşündə reallaşırdı. Məsələn, “Sovet İttifaqı rəhbərlərinə Məktubunda” o, sosializmi “20-ci əsrin qorxunc yumoru” adlandırır və Qərbin mənəvi çöküşündən bəhs edirdi, Rusiyada tələsik demokratiya təhlükəsi haqda xəbərdarlıq edir və məzmununu çoxdan itirmiş kommunist ideologiyasını pravoslav əxlaqına əsaslanan avtoritar quruluşa dəyişdirməyi təklif edirdi.

Soljenitsına Nobel mükafatı təqdim olunanda qanadlanmış laureat yenidən sovet hökmətini qamçılamağa başladı. Hələ SSRİ-də yaşayarkən səsələndirdiyi mühafizəkar-pravoslav fikirləri sərt antisovetizmə çevrildi. SSRİ-dən qovulduqdan sonra onun daha da radikallaşmış baxışları 1978-ci il Harvard nitqində ifadə olundu. Bu çıxışında Soljenitsın Qərbi onun eqosentrizminə, gedonizminə və ideoloji tənəzzülünə görə ittiham edir, Qərb mətbuatının zərərli təsirini tənqid edir, ancaq eyni zamanda mütərəqqi demokratik Qərbi SSRİ-nin daxili işlərinə qarışmağa çağırırdı.

Soljenitsın hesab edirdi ki, Amerika ən alicənab ölkədir və Sovet İttifaqını öyrətməyə borcludur. “Sizdən xahiş edirik: gəlin və müdaxilə edin!” – o, Vaşinqtonda deyirdi. Başqa bir nitqində dinləyiciləri SSRİ-nin nəhəng nüvə potensialı ilə qorxudurdu. O, SSRİ-yə nüvə zərbəsi endirməyi təklif etmirdi... ancaq nitqindəki pauza maraqlıydı. Bundan sonra o təkcə Qərbin liberal intelligensiyasının deyil, Sovet İttifaqındakı dissident hərəkatının və rus mühacirləri diasporunun bir qisminin də “yumşaq” tənqidinə məruz qaldı.
Soljenitsın bir tərəfdən Qərb ictimai-siyasi sisteminin tənqidçisi kimi çıxış edir, digər tərəfdən ABŞ-ı azadlığın təminatçısı kimi öyürdü. Bir yandan SSRİ-nin işlərinə qarışmağa çağırış edir, digər yandan bəyan edirdi ki, heç vaxt belə bir söz deməyib. İstər-istəməz sual yaranır: niyə Soljenitsın onun azadlığı və rifahı üçün bu qədər iş görən ABŞ-ı tənqid etməyə başladı? Niyə ABŞ hökuməti onun açıq anti-amerikan çıxışlarını məhdudlaşdırmadı?
Ona görə ki, əvvəla onun çıxışlarının əsasında ABŞ-ın xarici siyasətilə tamamilə üst-üstə düşən sovetlərə ittihamlar, SSRİ ilə əməkdaşlığı dayandırmağa, soyuq müharibəni davam etdirməyə tələblər vardı. İkincisi, onun ABŞ-a qarşı tənqidləri siyasi yox, sosio-mədəni xarakter daşıyırdı. Üçüncüsü, anti-sovet mövqeyini gücləndirmək üçün Rusiyanı heç vaxt satmayan “böyük dissident” imicini qorumaq çox vacib idi. O, SSRİ ilə ABŞ arasındakı qarşıdurmanın fövqündə dayanmalı, slavyan Peyğəmbəri rus Konfutsisi müdrikliyi nümayiş etdirməliydi. ABŞ dövlət katibi Henri Kisincer yazırdı: “Liberallar Soljenitsının Qolduoterdən (amerikalı siyasətçi və yazıçı Barri Morris Qolduoter 1909-1998) daha çox sağçı olduğunu biləndə eyforiyadan ayılacaqlar. Soljenitsın slavyanofil və monarxistdir”.


Soljenitsın yaradıcılığının mərkəzi ideyası QULAQ-ın SSRİ-nin inkişafının əsası kimi qəbul olunmasıdır. Onun fikrincə, QULAQ-da 60 milyon insan olub, bu, ölkənin yetkin əhalisinin yarısı deməkdir və dövlətin xarakteristikası üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Əməlli-başlı mif formalaşdırılıb ki, guya “ölkənin yarısı həbsdə idi, yarısı da onu qoruyurdu”... Lakin tarixçi V. Zemskov arxiv statistikası əsasında müəyyən edib ki, 1921-1953-cü illərdə SSRİ-də “anti-inqilabi fəaliyyətə və digər xüsusilə təhlükləli dövlət cinayətlərinə görə” 4 060 306 insan mühakimə olunub ki, onlardan 799 455-i ən yüksək cəzaya məhkum edilib. O dəqiqləşdirib ki, 1950-ci ilədək bütün sovet tarixi boyu həbs düşərgələrinə göndərilənlərin maksimal ümumi sayı 2 760 095 nəfər olub. Dustaqların orta sayı isə 1,5 ilə 2,5 milyon insan arasında dəyişib. Həm də söhbət təkcə siyasi məhbuslardan getmir, onların arasında adi cinayətkarlar da var.
Sovet tarixi üzrə mütəxəssislər A. Getti (ABŞ), S. Vitkroft (Avstraliya), R. Devis (İngiltərə), Q. Ritterşporn (Fransa) və digərləri hələ yenidənqurmaya qədər sübut ediblər ki, SSRİ-də repressiya, kollektivləşmə, aclıq və s. qurbanlarının sayı əslində Soljenitsının yazdığından dəfələrlə az olub. R. Terston “Stalin Rusiyasında həyat və terror. 1934-1941” monoqrafiyasında yazır ki, Stalin terroru sistemi heç vaxt qərbli tədqiqatçıların əvvəlki nəsillərinin təsvir etdiyi formada olmayıb. Stalinin hakimiyyəti illərində terrorun sovet cəmiyyətinə təsiri ciddi olmayıb: 1930-cu illər repressiyaları ərəfəsində Sovet İttifaqında kütləvi qorxu olmayıb; repressiyalar məhdud xarakter daşıyıb və xalqın əksəriyyətinə toxunmayıb; sovet xalqı Stalin rejimindən qorxmaqdan çox, onu dəstəkləyirdi; Stalin sistemi insanların əksəriyyətinə irəli getmək və ictimai həyatda iştirak imkanı yaradıb.

Bəziləri Soljenitsını rus ədəbiyyatının L.Tolstoy və F. Dostoyevski səviyyəsində klassiki sayır; başqalarına görə o hələ də 19-cu əsrin moizəçi ədəbi ənənələrini diriltməkdən irəli gedə bilməyən orta səviyyəli yazıçıdır; üçüncülər isə onu cəhalətpərəst, mürtəce millətçi və antisemit hesab edir. Soljenitsını altmışıncılar ədəbi nəslinin siyasiləşmiş istedadlı publisist yazıçısı kimi xarakterizə etmək daha doğru olardı. Ona dünya şöhrətini “İvan Denisoviçin bir günü”, “QULAQ arxipelaqı”, “Palıda buynuz atan buzov”, “Qırmızı təkər”, “İki yüz il birlikdə” kimi “sovet-antisovet” bədii-tarixi əsərləri və bunlar sayəsində dünyada gedən qlobal ideoloji mübarizənin mərkəzi fiqurlarında birinə çevrilməsi oldu.

Maqsud Quliyev
Azvision.az



Teqlər: Yazıçı   Soljenitsın  





Xəbər lenti