Qəbul imtahanları təzadlı keçdi - Təhsil eksperti

 Qəbul imtahanları təzadlı keçdi -  Təhsil eksperti
  04 Sentyabr 2021    Oxunub:1536
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarından sonra abituriyentlərin sayını və topladıqları balı ötən illə müqayisəli təhlil etdikdə nəticələrdə ciddi fərq görmədik. Lakin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ixtisas qrupları, müsabiqənin vəziyyəti ilə bağlı səsləndirdiyi fikir və rəqəmlər abituriyentləri, valideynləri ciddi şəkildə narahat etməyə başladı. Müsabiqə vəziyyətinin gərgin olacağı proqnozlaşdırılan III ixtisas qrupunda abituriyentlər daha çox narahat idilər. Qəbul nəticələri açıqlandı və ilkin təhlillər əsasında deyə bilərəm ki, bu qrupda gözlənilən təhlükəli vəziyyət özünü doğrultmadı.
Bunu Azvision.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, əksinə, III qrupda müəyyən ixtisaslarda keçidin 50 bala qədər düşməsi müşahidə edildi:

“Məsələn, Bakı Dövlət Universitetinin filologiya, fars, ərəb və tərcümə ixtisaslarında keçid balları ciddi şəkildə aşağı düşdü. Bu vəziyyət özəl universitetlərdə də müşahidə edildi. Beləliklə, III ixtisas qrupunda proqnozlaşdırılan bal yüksəlişi yalnız hüquq fakültəsində olub ki, bu da hər zaman müşahidə edilir.

II ixtisas qrupunda keçən il 240-247 balla ödənişsiz ixtisaslara qəbul olmaq mümkün idisə, bu il bu qrupda keçid balları kəskin sürətdə qalxdı. II ixtisas qrupunda abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olmaq şansı yüksək idi. Hətta öncədən proqnozlaşdırılırdı ki, 200 balla ödənişsiz ixtisaslara qəbul mümkün olacaq. Ancaq reallıq keçən ilin əksinə oldu.



Abituriyentlərin ən çox çətinlik yaşadığı və tərəddüd etdiyi IV ixtisas qrupu idi. Bu il ödənişsiz əsaslarla tibb ixtisasına keçidin 600 bal olacağı proqnozlaşdırılırdı, lakin 595 oldu. Digər ixtisasların keçid ballarında da artım müşahidə olunmadı. Yalnız Bakı Dövlət Universitetinin biologiya, biologiya-kimya müəllimliyi ixtisaslarının keçid ballarında artım var idi.

Bu il V ixtisas qrupunda qabiliyyət imtahanlarının olması balların müəyyən qədər aşağı düşməsinə səbəb oldu . Bədən tərbiyəsi, fiziki hazırlıq, məşqçi ixtisaslarında keçən illə müqayisədə bu il ballar aşağı düşdü”.

Qəbul nəticələrinə əsasən ən çox abituriyent III ixtisas qrupunda kəsildi. Burada imtahanda iştirak edən və müsabiqə şərtini ödəyən 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilmədi”.

Təhsil eksperti builki qəbul imtahanlarını kifayət qədər təzadlı keçdiyini vurğulayıb:
“Müəyyən ixtisaslarda, məsələn, II qrupda pedaqoji ixtisaslara daha aşağı balla qəbulu müşahidə etdik. Hər il Bakı Ali Neft məktəbinə 600-dən yuxarı balla qəbul mümkün idi, lakin bu il göstərici 580-nə qədər endi. Bu həm də cari ildə abituriyentlərin sayının azlığı ilə bağlıdır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tələbə  





Xəbər lenti