`Böyük Şor` gölünün üzərindən altızolaqlı yol salınacaq

`Böyük Şor` gölünün üzərindən altızolaqlı yol salınacaq
  04 Aprel 2014    Oxunub:1884
`Böyük Şor` gölü üzərindən altızolaqlı avtomobil magistralının tikintisi 2015-ci il fevralın sonlarında başa çatacaq. Bu barədə jurnalistlərə Abşeron göllərinin bərpası layihəsinin podratçısı, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov məlumat verib.
Onun sözlərinə görə, Gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə gölün Olimpiya stadionunun tikildiyi yerin yaxınlığında yerləşən təxminən 300 hektar ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün tarixən neftlə çirklənmiş şimal hissəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması və təcrid edilməsi nəzərdə tutulub.

Altızolaqlı magistral şose şəklində layihələndirilmiş ərazinin qərb sərhədlərini müəyyən edən bənd bir tərəfdən Ziya Bünyadov prospekti ilə, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşəcək. Bu, öz növbəsində şəhərin yol infrastrukturunun yükünü azaldacaq.

Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcək. Gölə yağış sularının axıdılmasının qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına göndəriləcək. Gölün çirklənmiş lildən təmizlənməsi və ya onun zərərsizləşdirilməsi, eləcə də gölün ətrafındakı tullantıların qanunsuz atılması sahəsinin ləğv ediləcəyi planlaşdırılır (Trend).


Teqlər:  





Xəbər lenti