Ermənistanda nə baş verir? – TƏHLİL
Ermənistanın uzun müddət xarici siyasətdə balanslaşdırılmış mövqedən çıxış etməsi və Rusiya ilə müttəfiqliyi saxlamaqla yanaşı, Avropa ilə də ən azı xoş münasibətlərin qalmasının səbəbkarı Tiqran Sarkisyan hesab oluna bilər. Baş nazirin istefası əslində onun Gömrük İttifaqına daxil olma qərarı ilə razı olmaması ilə əlaqələndirilir.
Ermənistanın birinci prezidenti, müxalif Ermənistan Milli Konqresi partiyasının sədri Levon Ter-Petrosyan baş nazirin istefasını ölkəsi üçün “tarixi hadisə” adlandırıb. Onun fikrincə Ermənistan tarixində ilk dəfə olaraq müxalifətin təzyiqi nəticəsində hökumət rəhbəri istefaya gedib və bu onu göstərdi ki, ölkədə konstitusyon yolla hakimiyyət dəyişikliyinin həyata keçirilməsi mümkündür.
Prezident Serj Sarkisyan isə yeni baş nazirin təyin olunması ilə bağlı parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə məsləhətləşmələrə başlayıb. Maraqlıdır ki, məsləhətləşmələrə müxalifət partiyalarının nümayəndələri də dəvət olunub. Ter-Petrosyanın fikrincə prezident bu yolla yaranmış narazılığı azaltmaq və müxalifət nümayəndəlirini ələ almağa çalışır.
Eyni zamanda Ermənistanda konstitusiya islahatlarının başlanması elan edilib. Yeni konstitusiyanın ilkin versiyası artıq Ədliyyə Nazirliyinin rəsmi internet saytına yerləşdirilib. Prezident yanında Konstitusiya islahatları üzrə komissiyanın sədri, ölkənin Konstitusiya məhkəməsinin sədri Qaqik Arutunyan layihənin ilkin mərhələdə ictimayyətə təqdim olunması və islahatlarla bağlı ictimai müzakirələrin təşkilini planlaşdırıldığını bildirib.
Yeni konstitusiyaya əsasən Ermənistan faktiki parlamet idarəetmə sistemli respublikaya çevriləcək. Baş nazir vəzifəszinə parlamentdə üstünlük əldə etmiş partiyanın nümayəndəsi seçiləcək və ölkənin idarə olunması ilə bağlı əsas səlahiyyətlər baş nazirə veriləcək. Prezidentin isə 7 il müddətinə parlament tərəfindən seçilməsi nəzərdə tutulur.
Ermənistanda əslində nə baş verir və prezident Serj Sarkisyanın bu siyasi oyunlarının məqsədi nədir? Təbii ki, hakimiyyət ilk növbədə Ukrayna ssenarisinin Ermənistanda təkrarlanmasının əvvəlcədən qarşısını almağa və ölkənin Gömrük İttifaqına daxil olması prosesini narazılıqsız ötüşdürməyə çalışır. Aparılan siyasi maxinasyaların düşünülmüş və hesablanmış olmasını nəzərə alsaq, rusiyalı siyasi texnoloqların bu işdə erməni qardaşlarına yardım etdiklərini ehtimal etmək olar. Çünki Ermənistanda “Maydan”ın təkrarlanması Putinin onsuzda puç olmuş icbari ittifaqının sonunu yaxınlaşdıracaq.
Ermənistan hakimiyyətinin əhalinin ciddi narazılığına səbəb olan pensiya islahatlarından vaz keçməməsinin əsas səbəbi narazı kütlənin etirazlarını Gömrük İttifaqı məsələsindən uzaqlaşdırmaq istəyilə bağlı ola bilər. Pensiya islahatları ilə bağlı yaranmış narazılıqlar fonunda qərbyönümlü baş nazirin istefaya göndərilməsi, paralel olaraq Gömrük İttifaqına daxil olmaqla ölkə iqtisadiyyatının dirçələcəyilə bağlı təbliğatın artması ictimayyətdə belə bir fikir yaratmağa hesablanıb ki, bütün iqtisadi uğursuzluqların səbəbkarı avrointeqrasiya imiş.
Pensiya islahatını da irəli sürən həmin qərbyönümlü baş nazirdir. Bu siyasi oyunun nəticəsi olaraq gözləmək olar ki, yeni baş nazir sələfinin bütün addımlarını pisləyəcək, Rusiya ilə daha sıx əməkdaşlığın tərəfdarı kimi çıxış edəcək və son olaraq pensiya islahatının ləğv olunması barədə məsələ qaldıracaq.
Konstitusiya islahatları, yaxud müxalifətlə məsləhətləşmələr və s. isə vaxt udmaq üçün və ictimayyətə yeni müzakirə mövzuları verməkdir və təbii ki, etirazlarda səslənə biləcək tələblərin əvvəlcədən yerinə yetirilməsidir. Görünür, ermənilər Ukraynadan yaxşı dərs alıblar.
Xatırlatmaq yerinə düşər ki, “Maydan”ın ilk tələbi hökumətin istefası, ikinci tələbi isə 2004-cü il konstitusiyasına geri dönmək olub. Ermənistan hakimiyyəti əvvəlcədən hökuməti istefaya göndərir və konstitusiya islahatları həyata keçirir ki, etirazlar nəticəsində prezidentin bu tələbləri yerinə yetirməsi hakimiyyətin zəifliyindən xəbər verə bilər. Bu, həm də pensiya islahatlarının ləğv olunması ilə bağlı tələblər yerinə yetirildikdən sonra hakimiyyətin yeni tələblərlə üzləşməməsi üçün hesablanıb.
Doğrudur, Tiqran Sarkisyan hakimiyyətin qurbanına çevrilsə də, əhali arasında kifayət qədər populyarlığını qoruyub saxlamaqdadır. İstefa keçmiş baş nazirin reytinqini daha da artırdı. Hələlik Sarkisyan hakimiyyəti tənqid edən bəyanatlarla çıxış etməsə də, Qərbin Ermənistandakı prezident seçkiləri ərəfəsində bu fiqura `stavka` etməsi ehtimalı var. Bunu növbəti dəfə prezident seçilməyə iddialı olan Robert Koçaryanın dəfələrlə Tiqran Sarkisyanı tənqid atəşinə tutması da sübut edir.
Görünür, gələcək seçkilərdə Koçaryan özü üçün əsas rəqib qismində Sarkisyanı görür. Ermənistan hakimiyyəti üçün ən təhlükəli məqam isə Sarkisyanın etirazçılara dəstək vermə ehtimalının olmasıdır.
Tofiq Əsgərov
AzVision.az üçün