Elm yüklü həftə - TƏHLİL

Elm yüklü həftə - TƏHLİL
  09 May 2014    Oxunub:1536
Bu həftə Azərbaycanda elm həftəsi idi. Həftənin əvvəlində Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının yeni binasının açılışına qatıldı. Elə həmin gün Milli Ensiklopediyanın Elmi Mərkəzinin də yeni binasının açılışı oldu. İki gün sonra Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında Fərman imzalandı. Və eyni gündə dövlət başçısı “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin yaradılması barədə Sərəncam verdi.

Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda elmin inkişafına ciddi şəkildə diqqət yönəldilməsinə başlanılır. Son illərdə bütün inkişaf etmiş ölkələrdə bu meyl qabarıq şəkildə nəzərə çarpmaqdadır. Aparıcı dövlətlərdə Ümumi Daxili Məhsulun 2-3%-i elmin inkişafına ayrılır. Yaponiya, İsveçrə, İsrail kimi ölkələrdə də bu rəqəm hətta 3,5–4,5% arasında dəyişir.

Çünki əvvəla, müasir dövrdə elmin inkişafı həm də milli təhlükəsizliyin tərəflərindən biridir.
İkincisi, iqtisadiyyat getdikcə daha çox elm tutumlu olduğundan, elmin inkişaf etmədiyi ölkələrdə iqtisadi inkişaf dayanıqlı ola bilməz.
Üçüncüsü, ekspertlər qarşıdakı illərdə dünyada yeni elmi-texniki inqilab dalğasının gözlənildiyi fikrindədirlər. Demək, buna vaxtında hazır olmaq lazımdır.
Dördüncü tərəfdən isə, bütövlükdə cəmiyyətin savadlanması onun müasir dəyərlər əsasında idarə olunmasını asanlaşdırır, kənar təsirlərə düşməsini isə çətinləşdirir.

Belə bir şəraitdə dövlətin elm siyasəti ön plana çıxır. Və bu həftə biz gördük ki, Azərbaycanda elm siyasətinin formalaşması yeni ciddi təkanlar aldı. Elmlər Akademiyasının kitabxanasının açılışı ölkədə elmi araşdırmaların keyfiyyətinin artmasına və yeni, maraqlı elmi işlərin ortaya çıxmasına şərait yaradacaq. Bu kitabxana təkcə möhtəşəm bina və zəngin arxivdən ibarət deyil, orada həm də ən müasir elektron xidmətlər qurulub.

Milli Ensiklopediya isə ümumilikdə cəmiyyətin savadlanması üçün çox vacib amillərdən biridir. Savadlı cəmiyyət - hər baxımdan güclü dövlətin əsasıdır. Üstəlik, ölkənin milli ensiklopediyasının olması həm bir növ imic məsələsidir, həm də elmin ideologiyasını topluma daha doğru aşılamaq üçün vacibdir. Avropada hələ orta əsrlərdən müxtəlif ensiklopediyalar nəşr olunub və Qərb cəmiyyətinin inkişafına bu da öz təsirini göstərib.
Azərbaycanın Milli Ensiklopediyasının redaksiya heyətinə Prezident İlham Əliyevin özünün rəhbərlik etməsi bir tərəfdən bunun nə qədər önəmli iş olduğunu göstərirsə, digər tərəfdən, dövlət başçsının həmin sahəyə diqqətindən xəbər verir.

Bu həftə atılan əsas addımlardan biri isə şübhəsiz ki, Azərbaycanı dünyanın `nüvə klubu`na daxil edəcək sərəncamdır. Ötən il biz `kosmos klubu`na qoşulmuşduq. Eyni zamanda, ölkədə informasiya texnologiyaları sürətlə inkişaf etdirilir. Bunlar o deməkdir ki, Azərbaycan dünyanın elitar dövlətlərinin sırasına qoşulmağa başlayır.

Nüvə araşdırmaları hazırda elmin ön cəbhəsidir. Orada hər il çox maraqlı kəşflər olur, ümumilikdə dünya haqqında təsəvvürləri dəyişə biləcək nəzəriyyələr irəli sürülür. Bir neçə il əvvəl Avropa Nüvə Araşdırmaları Mərkəzinə Böyük Adron Kollayderinin qurulması üçün 10 milyard dollar ayrılması elmin bu istiqamətinin nə dərəcədə vacib olduğunu ortaya qoymuşdu.

Nüvə texnologiyaları həm yüksək elm, həm də vəsait tutumlu sahədir. Ona görə, yalnız böyük və iddialı dövlətlər bu sahəni inkişaf etdirməyə çalışırlar. Amma buna baxmayaraq, ölkədə Milli Nüvə Tədqiqatları Mərkəzi yaradılırsa, demək, biz də dünyadakı yerimizlə bağlı daha ciddi iddialar ortaya qoyuruq. Yəni Azərbaycan neftdən gələn gəliri artıq təkcə insan kapitalına deyil, həm də ən böyük qeyri-maddi dəyər olan elm kapitalına çevirməyə başlayır. Bir müddət sonra biz özünün nüvə sənayesi olan bir ölkəyə çeviriləcəyik. Və nəzərə almaq lazımdır ki, hətta sırf dinc xarakterli olsa belə, nüvə sənayesinə malik olmağın istər-istəməz siyasi anlamı da var.

Tariyel Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti