Xalqı böyüdən insan

Xalqı böyüdən insan
  10 May 2014    Oxunub:1257
Bu gün Azərbaycan xalqı Milli Liderinin anadan olmasının 91-ci ildönümünü qeyd edir. Bu tarix əslində ölkənin ən böyük bayramlarından biri olmalıdır. Çünki “əgər olmasaydı, nə olardı” məntiqilə yanasaq, hətta düşünmək belə mümkün deyil ki, əgər Heydər Əliyev olmasa, Azərbaycan necə olardı. Və ümumiyyətlə, olardımı?

Etiraf edək, Azərbaycan dövləti və xalqı heç vaxt asanlıqla idarə ediləcək bir dövlət və xalq olmayıb. Çünki burada oturuşmuş dövlətçilik institutları, normalar olmayıb. Azərbaycan dövlətini və xalqını yalnız onu qurub yaradan, üstəlik, yerləşdiyi məkanın siyasətini əla bilən şəxs idarə etməyi bacarardı. Belə şəxsi isə tarix yalnız bir dəfə yetirib.

O, Azərbaycanın dövlətinin və cəmiyyətinin daxili mexanizmlərini usta saatsaz öz düzəltdiyi saatı bildiyi kimi bilirdi. Həmçinin onu da bilirdi ki, bu saat hansı divardadır, o divarı kim tikib, kim tikdirib, bunda məqsədi nə olub?

Heydər Əliyev Azərbaycanın hansısa ucqar bir kəndində yaşayan Məmməd kişinin fikirlərindən tutmuş, BMT-nin baş katibinin və Amerika prezidentin strateji hədəflərinə qədər hər şeyi bilirdi. Həm də siyasətin dərinliyinə o qədər asanlıqla və rahatlıqla, virtuozluqla varırdı ki, heyran qalmamaq mümkün deyil. Sanki məsələn, Bethoven musiqini bilib-duyduğu kimi, Heydər Əliyev də dövlətçiliyi və siyasəti fitri bir istedadla duyurdu. Və sonda özününün möhtəşəm Qələbə Simfoniyasını – Azərbaycan dövlətini yaratmışdı.

SSRİ-də yüksək vəzifələr tutmuş çox dövlət xadimləri var ki, öz müstəqil xalqlarının nəinki milli, heç ümumiyyətlə, liderləri ola bilmədilər. Niyə? Çünki onların təbiətində, fitrətində liderlik olmayıb. Onlar nomenklatura fiqurları olublar. Heydər Əliyev isə hətta Moskvadan qayıdıb Naxçıvanda kasıb bir evdə qalanda da qeyri-adi lider cazibəsi və həqiqətən sehirli xarizması ilə insanları öz tərəfinə çəkirdi. Bir sözü ilə on minlərlə insan gecə ikən mitinqə axışırdı. Yəni onun liderdliyi tutduğu vəzifələrdə, daşıdığı titullarda deyildi. Şəxsiyyətində, energetikasında, daxili gücündə idi. Bu cür insanlara qədim dövrlərdə “xilaskar”, “mehdi”, “messiya” deyirdilər, müasir dövrdə Milli Lider deyirik. Və onlar ancaq nadir hallarda müəyyən tarixi mərhələlərdə yetişirlər.

Heydər Əliyev siyasəti yox, istənilən başqa bir yolu seçsəydi də, yenə də gəlib Milli Lider mərtəbəsinə yüksələcəkdi. Çünki o cür daxili güc və xarizma ilə başqa heç bir tale yaşamaq mümkün deyildi.

Bu gücünün sayəsində Heydər Əliyev Azərbaycanı sözün hər iki mənasında böyütdü. Həm bir ata kimi fiziki olaraq böyütdü, tələf olmağa qoymadı, savaşdan, aclıqdan, xəstəlikdən çıxardı. Uşaqlarını barışdıran ailə başçısı kimi daxildə sülh yaratdı, aranı qatanları cəzalandırdı. Həm də bizi dünyaya, dünyanı bizə tanıtdı. Azərbaycanın ərazisini dövlətə, azərbaycanlı kütləsini xalqa çevirdi.

Azərbaycanda demək olar ki, hamı Heydər Əliyevə birmənalı yanaşır – `O, böyükdür`,- deyir. Bununla razılaşmayan yoxdur və olması mümkün də deyil. O, sözün hər iki mənasında böyükdür. Və necə ki, bir ailədə hamı evin böyüyünə nədəsə bənzəməyə çalışır, əslində biz də xalq olaraq hamımız nədəsə Milli Liderə bənzəməyə can atırıq. Hər kəsin içində Heydər Əliyevdən nəsə var. Çünki bu – onun xalqıdır. Və o, bu xalqda yaşayır.

Vüsal Məmmədov
AzVision.az




Teqlər:  





Xəbər lenti