Piramida Qəmbərin tarixçəsi

Piramida Qəmbərin tarixçəsi
  22 May 2014    Oxunub:1859
Vüsal Məmmədov

İsa Qəmbər təzəcə Müsavat başqanı olanda bizim redaksiyamızın əməkdaşı Fatimə Kərimlinin 1 yaşı var idi. Yəqin, bir stulun qıçını buraxıb, 3-4 addım ataraq, o birinin qıçından yapışır və bu addımlar ona dünyanın ən çətin işi kimi gəlirdi. Yəqin, dişləri hələ çıxmadığından, ağzının suyu çənəsindən üzüaşağı axırdı. İndi Fatimə böyüyüb, Universiteti bitirib, 3 iş yeri dəyişib, yaxşı jurnalistdir, Kafkanın bütün külliyyatını oxuyub... Qəmbər isə hələ də Müsavat başqanıdır.


İsa Qəmbər Müsavat başqanı olan il Zviad Qamsaxurdiya Ermənistana qaçmış, Şevardnadze prezident seçilmişdi. Sonra neçə illər keçdi, `Bakı-Ceyhan` çəkildi, Gürcüstanda qızılgül inqilabı oldu, Saakaşvili seçildi, iki müddət prezidentlik etdi, Rusiya ilə müharibə çıxardı, hakimiyyətdən getdi, Marqvelaşvili gəldi... Qəmbər isə hələ də Müsavat başqanıdır.

İsa Qəmbər Müsavat başqanı olanda Aygün Kazımova arıq və uzun bir qız idi, qıvrım saçları vardı, arabir o zaman üçün çox cəsarətli olan mini ətəklərlə AzTV-yə çıxıb `Novruz gəlir, yaz gəlir` oxuyardı. Sonra Rəsul Quliyevin qardaşı oğluna ərə getdi, qızı oldu, sonra boşandı, sonra kökəldi, sonra özünü plastik əməliyyat etdirib, bunu klipdə göstərdi, Raf Sərdarovla sevişdi, sonra qızını da müğənni qayırmaq istədi, sonra əvvəlki məşhurluğunu itirdi... Qəmbər isə hələ də Müsavat başqanıdır.

İsa Qəmbər Müsavat başqanı olanda BMT-nin baş katibi Butros Butros Qali idi. Sonra Amerika onu bəyənmədi, yerinə Kofi Annan gəldi, bizimkilər ona `kofe` deyərək məzələndilər, sonra o da getdi, Pan gi Mun gəldi. Butros Qali ilə Kofi Annan Yaxın Şərqdəki gərginlikləri yoluna qoymağa çalışdılar, bir şey çıxmadı. Yaxın Şərq demişkən, Səddam neçə il də hakimiyyətdə qalandan sonra devrildi, sonra ərəb ölkələrində bahar-filan başladı, Suriya xaraba qaldı. Qəddafi öldürüldü, Mübarək devrildi, sonra tutuldu, sonra buraxıldı, sonra bir də tutuldu. Üsamə bin Ladenin ulduzu parladı və söndü, Əfqanıstanda müharibə oldu... Qəmbər isə hələ də Müsavat başqanıdır.

İsa Qəmbər Müsavat başqanı olanda
Ceyms Kemerun hələ `Terminator-2` filmini çəkməmişdi, amma nə vaxtsa gələcəkdə `Avatar`ı çəkmək arzusu ilə yaşayırdı. Gələcək gəldi, kompüter texnologiyaları inkişaf etdi, `Avatar` çəkildi, 3D kino ekranları zəbt etdi. Yaxın illərdə 2-ci `Avatar`, 5-ci `Terminator` ekranlara çıxacaq. Şvartsnegger və Stallone qocalıb əldən düşüblər. Qəmbər isə hələ də Müsavat başqanıdır.

İsa Qəmbər Müsavat başqanı seçilən il
Laçın işğal olunmuşdu. Bu il biz Laçının işğalının 22-ci ildönümünü qeyd etdik. Qəmbər isə hələ də Müsavat başqanıdır.

İsa Qəmbər Müsavat başqanı seçiləndə biz hələ təzə-təzə eşidirdik ki, xaricdə `simsiz telefonlar` çıxıb. Sonra o telefonlar bizə də gəldi, markasından asılı olmayaraq hamı onlara “eriksson” dedi, sonra çanaq antennaları yayıldı, onlara da hamı “krosna”` dedi; sonra tefonlar kameralı oldular, sonra smartfona çevrildilər, indi hamı çantasında planşet daşıyır, `Vatçap`da mırt vurur, Facebook-da civi tutur... “Windows “ əməliyyat sisteminin 3.1, 95, Millenium, XP, 7, 8 versiyaları bir-biri əvəzlədilər… Qəmbər isə hələ də Müsavat başqanıdır.

İsa Qəmbər Müsavat başqanı seçiləndə
Britni Spirsin 11, Rihannanın 4 yaşı var idi. Sonra Britni Amerikanın “yeni ulduz”u oldu, “I`m not girl, not a woman yet” oxudu, sonra qadın da oldu, bakirəliyini Castin Timberleykə verib, Kevin Federlayna ərə getdi, sonra iki uşağı qucağında boşandı, kökəldi və arıqladı; Rihanna `Good Girl Gone Bad` söhbətini elədi, `Qremmi` aldı, Kris Brauna ərə getdi, əri onu döydü, boşandı, kinoya çəkildi... Hətta gəlib Bakıda da konsert verdi. Azərbaycanda da realiti-şoular, `Qəfəs`lər, `Yeni ulduzlar`, `Azəristar`lar keçirildi, verilişlər açıldı-bağlandı... Qəmbər isə hələ də Müsavat başqanıdır.

İsa Qəmbər Müsavat başqanı seçiləndə
mən 9-ci sinifdə oxuyurdum. Qəmbərlə qohum olan Rəşad adlı oğlan vardı sinfimizdə. Pis uşaq deyildi, heç indi də pis oğlan sayılmaz. İnanırdı ki, Qəmbər yenə də hakimiyyətə gələcək. Sonra biz məktəbi qurtardıq, Rəşad `Narxoz`un Maliyyə-Kreditinə girdi, oranı bitirdi, işə düzəldi, dövlət idarəsində müxalifətçilik etdiyinə görə işdə çox qala bilmədi, evləndi, uşaqları oldu. İndi də Facebook-da həmişə mənimlə siyasi mövzularda mübahisə edir, yəqin bu yazı ilə bağlı da edəcək... Qəmbər isə hələ də Müsavat başqanıdır.

* * *

Uzun sözün kəsəsi, nə başınızı ağrıdım. 22 il keçib. Dünyada hər şey dəyişib. Çox dəyişib, lap çox – 22 il az vaxt deyil! Bir Misirdə piramidalar olduğu kimi yerindədirlər, bir Çin səddi, bir də... Bir də Qəmbər hələ də Müsavat başqanıdır.





Teqlər:  





Xəbər lenti