"Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var" - Nazir

   "Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var" -    Nazir
  25 Aprel 2023    Oxunub:1021
"Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və özəl sektorun Qarabağa qayıdışı ilə bağlıdır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa video müraciətində qeyd edib.

Onun sözlərinə görə, bu prosses bizim vətəndaşlarımızın böyük qayıdışı ilə üst-üstə düşür:

"Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiq edilib, baza infrastrukturun yaradılması istiqamətində işlər tam gücü ilə davam etdirilir. Eyni zamanda, sahibkarlarımızı və investorları Qarabağa investisiya yatırmağa və biznes qurmağa bir daha dəvət edirəm. Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və bundan sonra da ediləcəkdir. “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında sahibkarlar üçün əlverişli şərait yaradılıb. İşğaldan azad olunan ərazilərimiz üçün vergi güzəştləri təsdiq olundu. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayələrin cəlbinə, sahibkarlığın inkişafına və əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək. Bütün bunlar bir daha göstərir ki, dövlət daim sahibkarın yanındadır və biz nəticəyönümlü tədbirlər, effektli dəstək və güzəşt mexanizmləri ilə özəl sektorun davamlı və etibarlı inkişafına nail oluruq".

Nazir deyib ki,qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan gözləntilərimiz böyükdür:"Çünki sahibkarlar dövlətin sütunudur. Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var. Onlara təşəkkür edirik. Ümumilikdə, sahibkarlarımız daha fəal təşəbbüslər göstərmək və investisiya yatırmaqla yanaşı, dövlətin artan dəstəyi fonunda fəaliyyətini korporativ sosial məsuliyyətə uyğun qurmalı, şəffaflıq prinsiplərinə daim sadiq qalmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti