Niyə Poroşenko? - TƏHLİL

Niyə Poroşenko? - TƏHLİL
  27 May 2014    Oxunub:1987
Gözlənildiyi kimi, Ukraynada keçirilən prezident seçkilərində Pyotr Poroşenko qələbə qazandı. Onun qələbəsini təmin edən əsas faktor rəqibi, keçmiş baş nazir Yuliya Timoşenkodan fərqli olaraq, siyasi keçmişinin ləkəsiz olması idi. Digər mühüm amil isə, namizədin ölkə daxilində birləşdirici fiqur rolunu uğurla oynaması oldu.

Poroşenkonun bu titulu əldə etməsində siyasi baxışlarından asılı olmayaraq hər bir ukraynalı üçün milli qürur obyekti olan Vitaliy Kliçkonun onu dəstəkləməsi böyük rol oynadı. Əslində Poroşenkonun qələbəsi və ümumiyyətlə seçkinin nəticələri onu sübut etdi ki, Ukrayna cəmiyyətində Rusiya təbliğatında qələmə verildiyi kimi, daxili parçalanma mövcud deyil. Səsvermənin nəticələrinə əsasən Dmitri Yaroş və Oleq Tyaqnibok kimi millətçilər müvafiq olaraq 0,7 və 1,4 faiz, Sergey Tiqipko və Mixail Dobkin kimi ruspərəstlər isə hər birinə 5 və 3.3 faiz səs topladılar. Göründüyü kimi Ukrayna cəmiyyəti daxili qarşıdurmanın tərəfdarı deyillər və ölkənin vahid mərkəzdə birləşməsini istəyirlər. Lakin təəssüflə qeyd olunmalıdır ki, maraqlı qüvvələr ruspərəst və millətçi siyasi elektoratdan öz maraqları üçün istifadə etməyə nail oldular.

Poroşenko artıq ilk bəyanatlarını səsləndirdi. Yeni prezident hələ ki, baş nazir Arseni Yasenyuku vəzifəsindən kənarlaşdırmaq fikrində olmadığını söyləyib və onun işini yüksək qiymətləndirib. Bununla belə bəzi nazirlərin dəyişəcəyini istisna etməyib. Qeyd edək ki, Yasenyuk keçmiş baş nazir Yuliya Timoşenkonun partiyasının üzvüdür və Poroşenkonun onu bu posta saxlaması əsasən Timoşenkonun hökümətə rəhbərlik etmək iddialarının qarşısını almaq məqsədi daşıyır.

Poroşenko seçkidə qələbə qazansa da, bürokratik aparatda və siyasi elitada tərəfdarları olmayan siyasətçidir. Bu baxımdan Poroşenkonun ayrı-ayrı siyasi partiyalardan, əsasən isə Timoşenkonun Batkivşina partiyasında gücli siyasi fiqurları öz qanadı altına almaq istəyi tamamilə başadüşüləndir. Bununla prezident, əsas rəqibi hesab olunan Timoşenkonun dövlət idarəetməsinə təsirini azaldacaq.

Rusiyaya gəldikdə isə Poroşenko Moskva ilə danışıqlara hazır olduğunu bildirib və yaxın vaxtlarda prezident Putinlə görüşmək niyyətində olduğunu dilə gətirib. Yeri gəlmişkən qeyd edək ki, Regionlar Partiyasından namizədliyini irəli sürmüş Rusiyanın namizədi hesab olunan Mixail Dobkin seçkinin nəticələrini tanıyıb. Dobkin bildirib ki, o Ukraynanın bütövlüyün tərəfdarıdır və buna görə seçkinin nəticələrəni tanıyır.

Dobkinin bu bəyanatı artıq Rusiyanın da seçki ilə bağlı müsbət bəyanat verəcəyinə signal idi. Siqnal özünü çox gözlətmədi və Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin seçkinin nəticələrini tanımağa hazır olduğunu bildirdi. Lavrovun sözlərinə Moskva Poroşenkonun dialoq barədə təklifini yüksək qiymətləndirir, lakin danışıqlarda vasitəçi qismində AB və ABŞ-ın iştirakına etiraz edir. Rusiyanın baş diplomatı Kiyevi şərqi əyalətlərlə danışıqlar aparmağa və problemi həll etməyə çağırıb.

Beləliklə, Ukraynanın yeni prezidenti Poroşenkonun ilkin mərhələdə qarşısında ölkə daxilindəki qarşıdurmaları aradan qaldırmaq və iqtisadiyyatı bərpa etmək kimi məsələlər dayanır. Gərginliyin aradan qaldırılması ilk növbədə Rusiya ilə danışıqlardan keçir. Moskva ənənəvi gediş həyata keçirməklə Ukraynanı özündən asılı saxlamaq üçün özünə Donbas və Luqansk kartlarını təmin etdi. Ehtimal etmək olar ki, Poroşenko-Putin danışıqlarında Ukraynanın yeni rəhbəri rusyalı həmkarından Luqansk və Donbas ilə yanaşı Krımdan da geri çəkilməsini əvəzində iqtisadi münasibətlərin əvvəlki qaydada qurulmasını təklif edəcək. Moskvanın Krımdan imtina edəcəyini gözləmək olmaz buna görə Putin öz həmkarına Krım müqabilində sabitlik və ucuz qaz qiymətləri təklif edəcək.

Qeyd edək ki, Poroşenko heç bir halda Krımdan imtina etməyəcəyini artıq indidən bəyan edib və bununla Rusiyaya Krımın alver obyekti olmadığına işarə verib. Rusiyanın asanlıqla Krımdan əl çəkməyəcəyini nəzərə alarsaq yeni Kiyev hökumətinin Krımla bağlı alternativ planlara əl atmasını gözləmək olar. Məsələn Krımda tatarların mübarizəsinə dəstək verilə və Rusiya partizan müharibəsi ilə üz-üzə qala bilər.

Azərbaycan-Ukrayna münasibətləri əvvəlki hakimiyyətin dövründə olduğu Poroşenkonun seçilməsindən sonra da yüksək səviyyədə qalacaq və hətta qarşılıqlı etimad daha da artacaq. Belə ki, BMT Baş Assambleyasında Krımın anneksiyasını pisləyən qətnamə ilə bağlı səsvermə keçirilən zaman Azərbaycan qətnamənin lehinə səs verməklə dost Ukrayna xalqının ərazi bütövlüyünü dəstəklədiyini ən yüksək tribunadan bəyan etmiş oldu. Bununla Azərbaycan həm Ukrayna, həm də dünya ictimayyətinə sübut etdi ki, yaranmış geosiyasi vəziyyətdən asılı olmayaraq qəbul olunmuş beynəlxalq hüquq normalarına hər zaman sadiqdir.

Tofiq Əsgərov
AzVision.az




Teqlər:  





Xəbər lenti