Elmar Vəliyevin xanım müavinindən ilk AÇIQLAMA

Elmar Vəliyevin xanım müavinindən ilk AÇIQLAMA
  13 İyun 2014    Oxunub:4291
Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhər icra başçısı Elmar Vəliyev ictimaiyyətə yeni qadın müavinini təqdim etdi. E.Vəliyevin xanım müavini, Gəncə Dövlət Universitetinin Musiqi kafedrasının müdiri, professor Sevda Qurbanəliyevadır.

Yüksək vəzifəyə təyinat alan S.Qurbanəliyeva ilk təəssüratlarını AzVision.az-la bölüşüb.

“Bu gün ilk vəzifə günümdür. 15 İyun Qurtuluş günü ilə bağlı tədbirlər planını müzakirə edirik. Vəzifəyə təyin edilməyimlə bağlı əvvəlcədən xəbərim yox idi, qəfildən mənə bu haqda məlumat verdilər. Həm də bilirsiniz ki, Mən Gəncə şəhərinin ictimai-siyasi həyatında yaxından iştirak edirəm. Özüm gəncəliyəm, burada yaşayıram və burada çalışıram”.

S.Qurbanəliyeva həmçinin icra başçısının müavini olmaqla yanaşı universitetdəki fəaliyyətini də davam etdirəcəyini qeyd edib.

“Orada da işləyirəm, müdiri olduğum kafedranı mən yaratmışam. Bu gün səhər universitetə getdim və iş bölgüsü apardım. Bilirsiniz ki, Gəncədə son illər çox böyük işlər görülür. Ona görə də vəzifəmizdən asılı olmayaraq, hər birimizin borcudur ki, bu işlərə dəstək olaq”.

Qeyd edək ki, Sevda Qurbanəliyeva YAP Qadınlar Şurasının sədr müavinidir.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti