Polşa Moskvanın reaksiyasından narazıdır

   Polşa Moskvanın reaksiyasından narazıdır
  13 Mart 2025    Oxunub:444
Polşanın baş naziri Donald Tusk Ukraynada atəşkəslə bağlı Rusiyadan gələn ilk siqnalların, yumşaq şəkidlə deyilsə, qənaətbəxş olmadığını bildirib.
AzVision.az Tuskun bəyanatından sitat gətriən “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Polşanın baş naziri Rusiyanın bu təklifi qəbul və ya digər tərəfdaşlar üçün dəstəklənməyən şərtlər irəli sürməyə davam edib-etməyəcəyini heç kim bilmədiyini söyləyib.

“Yaxşı ki, Səudiyyə Ərəbistanındakı danışıqlardan sonra təkcə təcavüzkarın kim olduğuna deyil, həm də kimin həqiqətən barışığı və sülhü istədiyinə və kimin müharibəni davam etdirmək istədiyinə dair heç bir şübhə qalmadı. Eyni zamanda, mən ABŞ, Ukrayna və Avropanın diplomatik səylərinin müharibənin bitməsinə gətirib çıxaracağına ümidimi itirmirəm”, - Donald Tusk vurğulayıb.

Moskva: “Müvəqqəti barışıq olmayacaq” - VİDEO
Xatırladaq ki, iki gün əvvəl Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticəsi kimi Kiyev Moskvanın analoji addım atmağa hazır olacağı təqdirdə 30 günlük atəşkəsə razılaşıb. Vaşinqton da öz növbəsində Ukraynaya yardımı dərhal bərpa edəcəyini açıqlayıb. Tərəflər mineral ehtiyatlar üzrə də razılığa gəliblər.

Lakin, həqiqətən də, atəşkəslə bağlı Moskva tərəfindən verilən ilk bəyanatlar elə də ümidverici deyil və bu baxımdan Polşanın baş nazirinin narahatlığı tam başa düşüləndir. Belə ki, Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uoltlsa Moskvada görüşü zamanı Kremlin “müvəqqəti barışığa” getməyəcəyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tusk   Rusiya   narazılıq  





Xəbər lenti