Marsın sirli peykinin nadir şəkilləri çəkilib - FOTOLAR

 Marsın sirli peykinin nadir şəkilləri çəkilib    - FOTOLAR
  14 Mart 2025    Oxunub:475
Avropanın "HERA" kosmik aparat Marsın sirli peyki adlandırılan "Deymos"un nadir şəkillərindən birini çəkib.
Bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb. Qeyd edilib ki, "HERA" fotonu "Dimorfos" asteroidinə doğru hərəkət edərkən, "Qırmızı planet"in yanından keçən zaman çəkib.

Çin alimləri "Mars okeanı" ilə bağlı tutarlı fakt aşkarlayıblar
"HERA" missiyasının məqsədi NASA-ya məxsus kosmik aparatın 2022-ci ildə asteroidlə toqquşmasının nəticələrini araşdırmaqdan ibarətdir. Məlum toqquşma prosesi Yer kürəsinin planetar müdafiəsi istiqamətində ilk sınaq olub. "HERA"nın Yerdən 11 milyon kilometr uzaqlıqda yerləşən "Dimorfos" asteroidinə yalnız 2026-cı ilin sonunda çatacağı gözlənilir.

Çərşənbə günü ESA aparatı uçuş yolunu dəyişdirmək və yanacağa qənaət etmək üçün Marsın cazibə qüvvəsindən istifadə edib. Bu manevr zamanı kosmik gəmi planetin səthindən cəmi 5600 kilometr aralıda olub və 33480 km/saat sürətlə hərəkət edib.

Bir saat ərzində kosmik gəmi Marsın iki ən az araşdırılmış və kiçik peykindən biri olan "Deymos"un təxminən 600 şəklini çəkib. "Deymos"un diametri cəmi 12,5 kilometrdir.

"Deymos"un mənşəyi elm adamları üçün sirr olaraq qalır. Onunla bağlı iki əsas fərziyyə var: ya "Deymos" və onun “qardaşı” adlandırılan "Fobos" bir vaxtlar Marsın cazibə qüvvəsi ilə kosmosdan tutulan asteroidlər olub, ya da planetin səthi ilə hansısa göy cisminin kütləvi toqquşma nəticəsində yaranıblar.

Rumıniya Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Marsel Popeskunun sözlərinə görə, yeni görüntülər məlum müəmmalara son qoymağa, bu sirri həll etməyə kömək edəcək. "HyperScout" kameraları və "HERA" infraqırmızı cihazları "Deymos"un səthinin tərkibini araşdırmağa, onun mənşəyi haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək.
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Mark   Peyk  





Xəbər lenti