“Niaqara”dan zəhərlənmə açıqlaması
.jpg)
Restoranın administratoru Ruslan Cavadov jurnalist İlkin Həsənovun özü də daxil olmaqla 15 nəfərin zəhərlənməsi haqda mətbuata verdiyi məlumatı təkzib edib.
R.Cavadov AzVision.az-a açıqlanmasında “Niaqara” restoranın zəhərlənmə hadisəsinin baş vermədiyini bildirib:
“Hazırda özüm də zəhərlənmə xəbəri ilə ağlı banketin təşkilatçısına zəng etdim. Orada oturan qonaqlar bizim restorana daim gəlib-gedən müştərilərdir. Hamısına zəng edib maraqlanmışam heç bir zəhərlənmə yoxdur”.
O təcili tibbi yardımla əlaqə saxladığını da diqqətə çatdırıb:
“Həkim mənə dedi ki, bir nəfər günorta saat 1-də bizə zəng edib, evinə gedib ambulator yardım göstərmişik. Adı İlkin Həsənovdur, zəhərlənib. Bir nəfər özü zəhərlənib hamıya yayır ki, 14 nəfər zəhərlənib. Onlar axşam saat 7 radələrində burada yemək yeyiblər, o isə günorta 1-də zəhərlənmə şikayəti ilə həkim çağırıb. Bəlkə səhər yediyindən zəhərlənib? Zalda 400 nəfər adam olub, onların hamısına eyni məhsul verilib. Necə olur 399 nəfər zəhərlənmədi, 1 nəfər zəhərləndi?”.
R.Cavadov bu məlumatı yayan jurnalisti məhkəməyə verəcəyini deyib. “Zəhərləndiklərini iddia etdiyi adamlardan birini üzə çıxarsın, onda həmin iddia ilə razılaşmaq olar. Zəhərlənən heç kim yoxdur, o isə yalan məlumat yayır. Yalan məlumat yaydığına görə, mən də öz növbəmdə onu məhkəməyə verəcəm”.
Fatimə Kərimli