Azərbaycan türkmənlərə niyə kömək etmir? – SƏBƏB

Azərbaycan türkmənlərə niyə kömək etmir? – SƏBƏB
  18 İyun 2014    Oxunub:1224
“Azərbaycan beynəlxalq təşkilatlarda səsini qaldırmaqla İraq türkmənlərinə mənəvi dəstək olmalıdır.Orada yaşayan türkmənlər əslində azərbaycanlılardır”.

Bunu Azvision.az-a politoloq Qabil Hüseynli İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihinin “Azərbaycan bizi meydanda tək qoydu” deyə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O vurğulayıb ki, Azərbaycan ən azından İraq türkmənlərinə humanitar yardım formasında öz dəstəyini verməlidir:

“Vaxtilə Türkiyənin səhvləri ucbatından onlar indi İraqın və kürdlərin nəzarəti altındadılar. Zənnimcə, Azərbaycan beynəlxalq təşkilatlarda səsini qaldırmaqla İraq türkmənlərinə mənəvi dəstək olmalıdır. Biz demək olar ki, bizimlə bir çox cəhətdən oxşar olan bir qövmün, toplumun problemlərinə, özü də başqaları tərəfindən təcavüzə məruz qaldıqlarına, yaşadıqları sarsıntılara görə onlara bu və ya digər formada kömək etməyə çalışmalıyıq. Bu bizim bir millət və dövlət kimi borcumuzdur. Güman edirəm ki, bundan sonra Azərbaycan dövləti İraq türkmənləri ilə əlaqələrini daha da sıxlaşdıracaq. Onların problemlərinin həllinə gücü çatan köməyi göstərəcək”.

Azərbaycanın İraq türkmənləri ilə bağlı konkret addımlar atmamasının səbəbinə gəlincə, politoloq hesab edir ki, bu, siyasi amillərlə bağlıdır. Belə ki, bu, İraqın daxili işinə qarışmaq kimi qəbul oluna bilər:

“Əslində terrorçular İraqda meydan sulayır, mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif qruplaşmalar isə türkmən xalqıının torpaqlarını, muxtariyyət hüquqlarını qəsb edirlər. Onların içərisində ölənlər, malı-mülkü yağmalananlar az deyil. Bu sarıdan onların bizdən imdat diləməyi də mənəvi cəhətdən düzgündür. Çünki onlar bizim bir hissəmizdir”.

Q.Hüseynli İraq türkmənlərinin hazırkı durumunda Türkiyəni günahlandırıb.

“Nəticə etibarilə kürdlər şimalda öz dövlətlərini qurdular və Amerikaya da hər tərəfli yardım göstərdilər. Bu səhvlər də bugünki vəziyyətdə mühüm rol oynayır. Türkiyə müəyyən qədər hazırda türkmənlərə yardım edir, amma bu hələ o demək deyil ki, onlar bütün borcunu yerinə yetirirlər. Azərbaycanın hazırda Qarabağ problemi olduğuna görə maddi və ya silah yardımı göstərmək bizim üçün çətindir. Amma mənəvi dəstək mütləq lazımdır”.

Qeyd edək ki, İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihi Türkiyə və Azərbaycanın onlara kömək etmədiyini, meydanda tək qoyduğunu dilə gətirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti