“Anarın sədr seçiləcəyi əvvəlcədən məlum idi”

“Anarın sədr seçiləcəyi əvvəlcədən məlum idi”
  19 İyun 2014    Oxunub:987
“Anarın Yazıçılar Birliyinin (AYB) sədri seçilməsi əvvəldən məlum idi. Onun əhval-ruhiyyəsindən bilinirdi”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Xalq yazıçısı Anarın yenidən AYB-nin sədri seçilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Anarın AYB-nin indiyədək ayaqda qalmasında böyük rolu olub:

“Anar müəllim Yazıçılar Birliyinin ən ağır vaxtlarında öndə olub və rəhbərlik edib. Yazıçılar Birliyi keçmiş SSRİ ərazisində heç bir respublikada qalmıyıb, amma onun sayəsində Azərbaycanda bu qurum mövcuddur. Bu müddət ərzində həmişə Yazıçılar Birliyinin inkişafı, mədəniyyəti üçün özü şəxsən, həm yaradıcılıq qabiliyyəti, həm də təşkilatçılıq qabiliyyətləri ilə çox böyük xidmət göstərib. Və ona görə də əksəriyyətin fikri ondan ibarətdir ki, Anar müəllim sədr olmalıdır. Qurultayda da çıxış edənlərin hamısı demək olar ki, bu məsələdə çox möhkəm dayandı. Elə bilirəm ki, bir dənə də olsun, ciddi fakt yoxdur ki, bu məsələdə nəysə neytral qalsın. Yəni bütün məsələlər, bütün müzakirələr, bütün maraqlar Anar müəllimin üzərində cəmləşdi. Elə bilirəm ki, bu yolu çox uğurla da davam etdirəcəyik”.

Anardan yeni gözləntilərə gəlincə, N. Cəfərov bildirib ki, AYB-nin müasirləşməsinə, müasir texnologiyalara uyğunlaşmasına ehtiyacı var: “Yazıçıların həm əsərləri jurnallarda, həm də kitablarda çap olunmalıdır. Həm də müasir internet resurslarından daha geniş istifadə olunmalıdır. Bizim ədəbiyyatımız dünyaya çıxmalıdır. Ədəbiyyat oxunmalıdır və yazıçıya gəlir gətirməlidir. Yani bugunki bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, ədəbiyyatımız ciddi şəkildə dünyaya inteqrasiya olunmalıdır. Azərbaycan ədəbiyyatı beynəlxalq dillərdə dərc olunmalıdır. Bunlar da olacaq. Çünki dövlətimiz də çox ciddi qayğı göstərir ədəbiyyata. Ümumiyyətlə, mədəniyyətə və o cümlədən də ədəbiyyata. Ədəbiyyatımız da xalqımızın mövqeyində durmalıdır. Onun mənafeyni müdafiə etməlidir, Azərbaycan insanını yüksəltməlidir”.

Qeyd edək ki, AYB bir neçə gün öncə baş tutab qurultayında Xalq yazıçısı Anar yenidən bu quruma sədr seçilib.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti