Müdafiə Nazirliyindən Naxçıvanla bağlı açıqlama

Müdafiə Nazirliyindən Naxçıvanla bağlı açıqlama
  19 İyun 2014    Oxunub:1076
Müdafiə Nazirliyi ermənilərin Naxçıvanın bəzi mövqelərinin ələ keçirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün yerli elektron kütləvi informasiya vasitələrində erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən ərazimizdəki yüksəkliklərin guya ələ keçirilməsi ilə bağlı məlumat və fotolar yayılıb.

Müdafiə Nazirliyi bildirir ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının Azərbaycana qarşı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnəzəryana məxsus olan saytda yerləşdirilib: "Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş bu fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır.

Təəssüf doğuran isə odur ki, əksər erməni informasiya agentliklərinin bu xəbəri istifadə etmədikləri halda, Azərbaycanın elektron informasiya vasitələri bu məlumatı tirajlamaqla düşmən təbliğatına şərait yaradırlar".

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq yaratmağa cəhd göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir: "Yayılan məlumatların heç bir əsası yoxdur və ermənilərin növbəti dezinformasiyasıdır. Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur. Adıçəkilən məkanda isə "neytral ərazi" anlayışı ümumiyyətlə mövcud deyildir".

Nazirlik bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən bu kimi erməni yalanlarına uymamağı və ermənilərin yaydığı xəbərlərin təbliğatını apamamağı tövsiyə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti