Prezident 3 milyon ayırdı

Azərbaycan dövləti sülhün və təhlükəsizliyin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya və siyasi plüralizmin inkişafı, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması və digər sahələrdə xarici qeyri-hökumət təşkilatları ilə də səmərəli əməkdaşlıq edir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2013-cü il 1 may tarixli 2883 nömrəli Sərəncamına uyğun olaraq, ötən ildən etibarən xarici ölkələrin vətəndaş cəmiyyəti institutlarına donor yardımının göstərilməsinə başlanıb. Hazırda Azərbaycan dövlətinin vəsaiti hesabına ABŞ və Avropanın müxtəlif qeyri-hökumət təşkilatları milli maraqlarımıza uyğun layihələr həyata keçirir, araşdırmalar aparırlar.
Bu sahədə görülən işlərin davam etdirilməsi məqsədilə imzalanan Sərəncama əsasən xarici qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Bakı Avropa Oyunları - 2015, ölkəmizlə bağlı tədqiqat işlərinin aparılması və informasiya portalının yaradılması istiqamətlərində təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.