Ermənistan ölkə deyil, kölgədir | Mübariz Əhmədoğlunun yazısı

   Ermənistan ölkə deyil, kölgədir    | Mübariz Əhmədoğlunun yazısı
  08 Aprel 2024    Oxunub:2395
Paşinyan komandasının bilərəkdən yaratdığı xaos Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin sonu barədə düşünməyə əsas yaratmır. Bəlkə də məqsəd elə budur.
Təxminən 1 il əvvəl çar Rusiyasının arxivlərində ermənilərin Osmanlı torpaqlarından indiki Ermənistana (o vaxt kiçik və ya şərqi Ermənistan adlandırılırdı) köçürülməsi barədə məlumatlar açıqlandı. Sənədlərdə Azərbaycanın İranda qalan ərazisindən çar Rusiyasının nəzarətinə keçmiş ərazisinə köçürülən Qarabağ erməniləri barədə məlumatlar da var idi. Arxiv məlumatlarına görə, çar Rusiyası bu köçürülmələrə çox böyük xərc çəkmişdi. Çünki ermənilərin konfliktogen olmalarına böyük ümid bəsləyirdilər. Ermənilər düşünürlər ki, konfliktogen olmasalar, bu regionda qala bilməyəcəklər.

Müasir Ermənistan Respublikasının ərazisində bəzi ərazilər və subyektlər Azərbaycan Respublikasına məxsusdur. Mehri dəmir yolu rəsmən Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan SSRİ-yə daxil olanda Zəngəzur mahalı respublikanın tərkibində idi. Stalinin tələbi ilə SSRİ MK-sı əhalisinin əksəriyyəti azərbaycanlı olan Zəngəzurun Ermənistan SSR-ə verilməsi barədə qərar qəbul etdi. Bu gün özlərini “qərbi azərbaycanlılar” adlandıranlar həmin torpaqlardan bir neçə mərhələdə deportasiya olunan azərbaycanlılar və onların nəslidir. Stalinin bir bəhanəsi də o idi ki, guya Qərbdə erməniləri yola vermirlər. Avropanın və dünyanın müxtəlif regionlarından ermənilərin Ermənistan SSR-ə köçməsi üçün ərazi boşaldılmalıdır. Bu gün ermənilərin 1991-ci ilin Almaata sənədinə istinad etməsi SSRİ-nin ilkin dövründən və SSRİ-dən əvvəlki dövrdən imtina etmək deməkdir. Azərbaycan Respublikası bununla niyə razılaşmalıdır?!
Brüssel görüşü: Uğursuz siyasi alver | Mübariz Əhmədoğlunun şərhi

Ermənistan nəinki Azərbaycanın tarixi torpağı olan Zəngəzurdan normal istifadə etməyə imkan vermir, hətta “Sünik” adlandırdıqları ərazini İranla birlikdə Azərbaycan üçün böyük problem mənbəyinə çeviriblər. Hər şey sakit həll olunsaydı, bəlkə də Zəngəzurun tarixi bu qədər siyasiləşməzdi.

1918-ci ildə Osmanlı ilə Qərb dövlətləri arasındakı münaqişəni həll etməkdən ötrü qədim Azərbaycan torpağı olan İrəvan Ermənistana paytaxt olaraq verildi. Bu da sənədlərdə əksini tapıb. Ermənilərin bu regionda dövlət kimi mövcud olmalarının tarixi 150-200 ildən o tərəfə keçmir.

Ermənilər dəqiq seçim etməlidirlər ki, Cənubi Qafqaz regionunun xalqı olacaqlar, yoxsa yox? Bu gün Cənubi Qafqaz regionunda dövlət kimi mövcud olmaq Avropada dövlət kimi mövcud olmaqla eyni deyil. Avropada 30 min əhalisi olan Monako, təxminən 35 minlik Lixtenşteyn ayrıca dövlətlərdir. Cənubi Qafqazda dövlət olmaq üçün özünü təmin edə bilən sayda əhali lazımdır. Azərbaycan və Gürcüstanda bu mövzuda ciddi problem yoxdur. Azərbaycan və gürcü xalqları avtoxtondur, öz tarixi torpaqlarında yaşayırlar, yaşayacaqlar. “Səyahət etməyi” xoşlayan erməni xalqıdır.

Ermənistanın Gürcüstan (Lori və s.) və İran (parsaayk) da daxil olmaqla dörd qonşusunun hər birinə qarşı ərazi iddiası var. Sadəcə guya siyasət edərək, ancaq Azərbaycan və Türkiyə barədə danışır. Bu məsələni birdəfəlik qapatmaq üçün Ermənistanın qonşu dövlətlərə ərazi iddiasının olmadığını təsdiqləyən beynəlxalq sənəd qəbul edilməlidir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər:   Ermənistan  





Xəbər lenti