“Sepah”ın rəhbəri fars-azərbaycanlı qarşıdurmasında maraqlıdır | ŞƏRH

   “Sepah”ın rəhbəri fars-azərbaycanlı qarşıdurmasında maraqlıdır    | ŞƏRH
  10 İyun 2024    Oxunub:1685
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru

İran çox qəliz münasibətlər və idarəetmə sisteminə malik dövlətdir. Bəzən idarəetmə sistemi klassik dövlət anlamına uyğun gəlmir. İranın hakim elitasının daxilində həmişə ziddiyyət olub. Mərhum İbrahim Rəisi prezident seçildikdən sonra bu ziddiyyət özünü aydın göstərmişdi.
İbrahim Rəisi ruhani ailəsindən idi. Onun atası və babası ilə indiki ali dini lider Seyyid Əli Xameneyinin çox yaxın münasibətləri olub. Rəisinin prezident seçilməsində bu amil də mühüm rol oynamışdı. Amma seçkidən sonra ali dini lider 6 ay onun komandasının təsdiqlənməsinə icazə vermədi. Bu, Rəisinin təqdim etdiyi komandanın tərkibi ilə bağlı idi. Yalnız indiki vitse-prezident Mohəmməd Moxber və daha bir-iki nəfər İbrahim Rəisinin siyahısına daxil edildikdən sonra Xamnəyi razılıq vermişdi.

Rəisinin Moskvaya səfəri onunla ali dini liderin arasında böyük uçurum yaratmışdı. Çünki Putin Rəisini çox mehriban qəbul etdi, tarixdə ilk dəfə Kremldə namaz qılındı. Rəsmi görüş üçün nəzərdə tutulan vaxt məhz Moskvanın ucbatına uzanmış və azanın vaxtına düşmüşdü. Rəisi Putinə demişdi ki, azandır, ibadətin vaxtıdır, səfirliyə çatdıra bilməyəcək və elə Kremldəcə namazını qılmışdı.

Bu, ali dini liderdə İbrahim Rəisiyə qarşı ciddi qorxu yaratmışdı. O, dərhal Moskvadakı nümayəndəliyində dəyişiklik edərək, vaxtilə Rəisinin şəxsi köməkçisi işləmiş Əkbər Ciddini geri çağırdı. İbrahim Rəisi də sakit durmadı, dini işlərilə daha ciddi məşğul olmağa başladı. O, yeganə prezident idi ki, namazın təbliğ edirdi. İsfahanda poladəritmə zavodunda pişnamazlıq etməklə camaatı ibadətə təşviq edirdi. Bunlar təbii ki, ali dini liderin nəzərində idi.

Növbəti gedişlərində Rəisi Məşhəddən özü ilə Tehrana gətirdiyi kadrlardan birini Təbrizə vali təyin etdi. Bəlkə də bu, ali dini lideri və İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Mohəmməd Bagirini qıcıqlandırmaq məqsədilə edilmişdi. Həmin əsnada “Sepah” ölkə daxilindəki narazılıq və dinə meylin azalması ilə bağlı özünün versiyasını ortaya qoydu: “Mollalar idarə edə bilmir, hakimiyyət hərbçilərə verməlidir”.

Qəzzada hərbi əməliyyatlar başlayandan sonra əhali Tehranın İsrailə qarşı atdığı addımlara dəstək vermədi. Qəribədir ki, hətta ABŞ və İngiltərədə Qəzzaya dəstək aksiyaları daha sanballı olurdu. “Sepah”ın rəhbəri Hüseyn Səlami bunun səbəbini dini rəhbərlikdə görürdü.

“Sepah”ın rəhbərinin azərbaycanlılara və Azərbaycan Respublikasına qarşı münasibəti əvvəldən mənfi olub. Vəzifəyə təyin olunanda İran-Azərbaycan-Ermənistan sərhədində qısa müddət ərzində 2-3 dəfə reyd keçirmişdi. Hiss olunurdu ki, Azərbaycana qarşı hərbi əməliyyatlara başlamağa bəhanələr axtarır.

Rəisinin helikopteri qəzaya uğrayan kimi Hüseyn Səlami “Qisasını alacağıq” mesajını verdi. İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi, azərbaycanlı, təbrizli Məhəmməd Bagirinin rəhbərlik etdiyi təhqiqat komissiyası helikopterin kənardan vurulmadığını elan edən kimi Hüseyn Səlami Azərbaycan və İsrail əsgərini yanaşı göstərməklə ideoloji-informasiya fonu yaratmağa başladı.

XII çağırış parlamentin açılışında H.Səlami İran İslam Respublikasının qurucusu Seyid Ruhulla Xomeyninin oğlunu aktivləşdirdi. Parlamentin açılışı ilə bağlı namaza Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni pişnamazlıq etdi. Halbuki bu, ali dini liderin səlahiyyətində idi.

Belə görünür ki, İranda iki ən yüksək məqamda olan azərbaycanlını hədəfə götürən, Azərbaycan Respublikasına qarşı qərəz bəsləyən Hüseyn Səlaminin məqsədi İranda fars-azərbaycanlı qarşıdurması yaratmaq və bundan istifadə edərək, hakimiyyətə gəlməkdir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru


Teqlər: İran   SEPAH  





Xəbər lenti