Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq müzakirə edilib - Video

   Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq müzakirə edilib -    Video
  11 İyun 2024    Oxunub:476
İyunun 10-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
AzVision.az xəbər verir ki, Z.Həsənov Gürcüstanla strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında 2024-cü il ərzində hərbi sahədə ümumilikdə 21 birgə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Müdafiə naziri gürcüstanlı həmkarını cari ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.



Azərbaycana müdafiə naziri və baş nazirin müavini kimi ilk səfərindən məmnunluğunu bildirən İ.Çikovani Azərbaycan-Gürcüstan arasında mövcud münasibətlərin inkişafı və əlaqələrin genişləndirilməsində bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin Gürcüstan üçün də çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, üçtərəfli formatda keçirilən Eternity kompüter dəstəkli komanda-qərargah və Qafqaz Qartalı təlimləri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılması ilə yanaşı, onlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verir, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır.


Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Müdafiə nazirlərinin görüşündə, həmçinin hərbi və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətraflı müzakirə edilib.




AzVision.az


Teqlər:





Xəbər lenti