Ermənipərəst senatorun günahı sübut olundu

// ABŞ məhkəməsi Robert Menendesi xarici agent saydı

  Ermənipərəst senatorun  günahı sübut olundu
  17 İyul 2024    Oxunub:6321
ABŞ-nin Nyu-York ştatının münsiflər məhkəməsi ermənipərəst və Türkiyə əleyhinə mövqeyi ilə tanınan Nyu-Cersi ştatından olan amerikalı senator, azərbaycanofob Robert Menendesi korrupsiyada, Misir və Qətərdə qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, “The New York Times” qəzetinin yaydığı məlumatda Robert Menedesə ittiham hökmünün oktyabrın 29-da çıxarılacağı bildirilir. Senatorla yanaşı, ona öz maraqlarını lobbiçilik etmək müqabilində pul və bahalı hədiyyələr verən biznesmenlər Vael Hana və Fred Daybes də təqsirli sayılıblar.

Məhkəmənin qərarından dərhal sonra Senatda demokratlar çoxluğunun lideri Çak Şumer Menendesi istefa verməyə çağırıb.

“Məhkəmənin ittihamı fonunda senator Menendes indi seçiciləri, Senat və ölkəmiz üçün düzgün olanı etməlidir - istefa verməlidir”, - qəzet Çak Şumerdən sitat gətirir.

Lakin təqsirini etiraf etməyən Menendes məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

2023-cü ilin sentyabrında Nyu-Cersi ştatından olan üç iş adamı ilə korrupsiya sövdələşmələrində əli olması və yüz minlərlə dollar rüşvət alması ilə bağlı Menendesə və onun həyat yoldaşı Nadin Arslanyana qarşı ittiham irəli sürülüb. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb. Daha sonra ABŞ-nin Ədliyyə nazirliyi Menendesə qarşı əlavə ittihamlar irəli sürərək onu Misir və Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.

Xatırladaq ki, ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələrin təşəbbüskarı kimi Robert Menendes ölkəmizə qarşı sanksiyaların tətbiqi və Ermənistana hərbi yardım göstərilməsi haqqında qanun layihəsinin müəllifidir. Konqresin Ermənistan məsələləri üzrə parlament qrupunun üzvü olan demokrat-senator 2022-ci ildə İrəvanın maraqlarını müdafiə etdiyinə görə Ermənistanın “Dostluq” ordeni ilə təltif edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Menendes   ittiham  





Xəbər lenti