Borrel həmkarları ilə dil tapa bilmədi

   Borrel həmkarları ilə dil tapa bilmədi
  31 Avqust 2024    Oxunub:1046
Avropa İttifaqına (Aİ) üzv ölkələrin Xarici İşlər nazirlərinin Brüsseldə keçirilən qeyri-formal görüşündə Ukraynanın Rusiyanın dərinliklərinə Qərbin verdiyi silahlarla zərbə endirməsinə qoyulan məhdudiyyəti ləğv etmək barədə razılıq əldə olunmayıb.
xəbər verir ki, Aİ ölkələrinin Xarici İşlər nazirlərinin rəsmi görüşü hazırda quruma sədrlik edən Macarıstanın paytaxtı Budapeştdə keçirilməli idi. Aİ-nin 27 üzvündən 13-ü bunu dəstəkləsə də, Macarıstanın baş naziri Viktor Orbanın müstəqil xarici siyasət kursunun qıcıq doğurduğu 5 ölkə qətiyyətlə bunun əleyhinə çıxıb. Bu məqam bəzi önəmli məsələlərlə bağlı birlikdə ciddi fikir ixtilafının olduğundan xəbər verir ki, bu da Brüssel görüşündə açqı şəkildə özünü göstərdi.

Görüşdən sonra açıqlama verən Aİ-nin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell bildirib ki, nazirlər Kiyevə Rusiya ərazisinə uzaq məsafədən zərbələr endirmək üçün verilən silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılığa gəlməyiblər. Borrell şəxsən özü nazirləri məhdudiyyətlərin aradan götürülməsinə çağırsa da, onu yalnız 5 ölkə - İsveç, Latviya, Niderlan, Polşa və Fransa dəstəkləyib. Macarıstan və Slovakiya isə bu təklifin əleyhinə çıxıb.

“Son nəticə ondan ibarətdir ki, bu, milli bir qərardır. Üzv dövlətlər bunu milli qərar kimi saxlamaq istəyirlər və onların hər biri lazım bildiyi kimi qərar verəcək” , - Borrel deyib.

“Politico” nəşrinin məlumatına görə, sözügedən məsələ ətrafında Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto ilə Jozep Borrel arasında “mübahisə” də olub. Ancaq Borrellin sözü təkcə onunla deyil, habelə İtaliyanın Xarici İşlər naziri Antonio Tayanin fikri ilə də çəpləşib. Belə ki, Tayani Aİ-nin Rusiya ilə müharibə aparmadığını və oraya düşünülməmiş icazələrlə müdaxilə etməməli olduğunu vurğulayıb.

Borrell həmçinin, nazirlərin Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 6,6 milyard avroluq hərbi yardımın açılması üçün həll yolu tapmadıqlarını açqılayıb.
Nazirlər həm də yalnız ukraynalı hərbçilərin təlimlərinin bilavasitə Ukraynanın öz ərazisində yox, amma ona mümkün qədər yaxın ərazidə keçirilməsinə razılaşıblar.

- Mən Kiyevdə təlim missiyası məsələləri üzrə birbaşa koordinasiyaya imkan verəcək kiçik koordinasiya mərkəzi yaratmağı təklif etdim”, - Borrel bu təkilfinin də keçmədiyindən gileylənib.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali Nmüayəndəsi Ukraynaya hərbi yardımın çatdırılmasının gecikməsindən də narazı olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, Aİ Ukraynaya 700 min 155 mm çaplı mərmi ötürüb, halbuki, ötən mart ayına qədər bir milyon belə mərmi verəcəyini vəd etmişdi. Aİ yalnız kifayət qədər mərmi deyil, həm də hava hücumundan müdafiə (HHM) sistemləri və digər silahlarla bağlı vədlərini yerinə yetirməyib. Bu tendensiyanın davam edəcəyi ehtimalı isə çox böyükdür.

Eyni zamanda? Rusiyanın sanksiyalardan yayınmasından da son dərəcə narahat olan Borrel buna görə Aİ ölkələrini günahlandırıb.

“Əgər biz sanksiyalardan yan ötməklə mübarizə aparmaq istəyiriksə, bunu öz evimizdən başlamalıyıq”, - avropalı məmur bəzi ölkələrin bostanına daş atıb.

Jozep Borrelin bəyanatı ondan xəbər verir ki, Aİ-də üzdə hər kəs Rusiyaya sanksiya tətbiq etsə də, bəzi ölkələr onunla həm birbaşa, həm də üçüncü tərəflər vasitəsilə gizli ticarət aparır.

Qərbdəki bəzi dairələrin NATO-nu Rusiya ilə birbaşa münaqişəyə sürükləmək cəhdlərinə qarşı Aİ-də ciddi frondanın da yarandığı nəzərə çarpır. Bu baxımdan, göndərdiyi silahla Ukraynanın Rusiyaya hücum etməsinə razılıq verib-verməyəcəyi barədə qərarı hər ölkə fərdi qaydada qəbul edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Borrel   nazirlər   razılaşma  





Xəbər lenti