Dim balının nəticəsi ilə xaricdə təhsil almaq mümkündürmü? - Açıqlama

   Dim balının nəticəsi ilə xaricdə təhsil almaq mümkündürmü? -    Açıqlama
  30 İyul 2024    Oxunub:937
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi 9 - 19 avqust tarixlərində aparılacaq.
Bəs, Dövlət İmtahan Mərkəzinin balının nəticəsi ilə başqa hansı ölkələrdə təhsil almaq mümkündür?

Təhsil eksperti Kamran Əsədov AzVision.az -a bildirib ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan yüksək bal toplayanlar xaricdə oxuya bilərlər:

"Hətta nüfuzlu universitetlər belə 600-dən yuxarı bal toplayan azərbaycanlı gəncləri qəbul edirlər, onlara təqaüd, burslar verirlər. Amma bu, o demək deyil ki, hər kəs bu prosesdən yararlana bilər. Burada ən vacib məqam odur ki, tələbələr həmin ali təhsil müəssisəsinin özünə elektron qaydada müraciət etməlidirlər. İmtahan nəticələrini rəsmi təsdiq edib, digər hüquqi sənədlərlə birlikdə göndərməlidilər. Türkiyə universitetlərin saytlarına girəndə orada hansı ixtisaslar üzrə qəbulların olduğunu və qəbul zamanı hansı sənədlərin tələb olunduğunu görürük.

Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidir? - Ekspertin şərhi
Tələb olunan imtahan nəticələri arasında Dövlət İmtahan Mərkəzinin adı siyahıda varsa, onlar bundan yararlana bilərlər. Bunlar təqdim olunandan sonra imtahan nəticələri təhlil olunur və müvafiq ixtisaslar üzrə qəbul həyata keçirilə bilir. DİM-in keçirdiyi imtahanlarda 700 balı toplayıb Avropa və Amerika ölkələrinə müraciət etməkdə hansısa bir üstünlük yoxdur. Atestat ondan üstündür. Amma Türkiyədə bu, müəyyən qədər fərqləndirici imtahan nəticəsi kimi hesab oluna bilər".

Ekspert onu da qeyd edib ki, hazırda Azərbaycandan kənarda 45 mindən çox azərbaycanlı gənc təhsil alır:

"Onların böyük əksəriyyəti öz vəsaiti hesabına, hər hansı bir imtahan nəticəsi olmadan attestatla qəbul olub. Xarici ölkələrə qəbul zamanı daha çox həmin ölkənin imtahan nəticələri və yaxud beynəlxalq IELTS, TOEFL, Türkiyədə YÖS kimi imtahan nəticələri ilə qəbul həyata keçirilir. Amma böyük əksəriyyəti bu imtahanlardan daha çox orta məktəbi bitirdikdən sonra aldıqları sənədlə gedirlər".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   alitəhsilmüəssisələri   xaricdətəhsil  





Xəbər lenti