Hitler İnönüyə nə yazmışdı: Tarixi məktub

   Hitler İnönüyə nə yazmışdı:    Tarixi məktub
  02 Sentyabr 2024    Oxunub:4435
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının müəllimi, hüquqşünas

Tarixdəki maraqlı sənədlərdən biri alman diktatoru Adolf Hitlerin Türkiyənin 2-ci prezidenti İsmət İnönüyə ünvanlandığı məktubla bağlıdır. 1 mart 1941-ci il tarixli bu məktub həmin ilin martın 4-də Bolqarıstan üzərindən Türkiyəyə gecikmə ilə daxil olmuş və Çankaya Köşkündə Almaniyanın Türkiyədəki səfiri Franz fon Papen tərəfindən prezident İsmət İnönüyə çatdırılmışdı.
Almaniyanın Türkiyədəki səfiri fon Papenin ölkəsinin o zamankı Xarici İşlər Naziri olmuş Ribbentropa məktubundan (Sənəd № 122, 4 mart 1941, DGFP, 1918-1945, cild XII, səh. 216-217) aydın olur ki, görüş zamanı İnönü fon Papendən Hitlerə belə çətin bir zamanda onunla əlaqə yaratdığı üçün təşəkkür etməsini xahiş etmiş və alman qoşunlarının Türkiyə sərhədindən uzaq tutulacağına dair təminatdan məmnun olduğunu bildirmişdi.

İnönü həmçinin fon Papenin Türkiyənin İngiltərə və Fransa ilə müttəfiq olduğunu və ölkəsinin Almaniya ilə qarşıdurmadan qaçmaq üçün mübarizə apardığını xatırlatmış və Türkiyəyə yönəldiyi düşünülən Bolqar hərəkatının onu düşündürdüyünü bildirmişdi.

Geoplitik baxımdan siyasi əhəmiyyətini nəzərə alaraq və maraqla qarşılanacağına ümid edib, Hitlerin Türkiyənin 2-ci prezidenti İsmət İnönüyə ünvanladığı məktubun tam mətnini oxucuların diqqətinə çatdırırıq.


XÜSUSİ QATAR, 1 mart 1941-ci il, saat 1.00
XARİCİ İŞLƏR NAZİRLİYİNİN ŞİFRƏ İDARƏSİ N:128


Türkiyə prezidenti,
Zati-aliləri cənab İsmət İnönü/Ankara


Cənab Prezident,
Almaniya hökumətinin istəklərinə zidd olaraq, İngiltərə və Fransanın 3 sentyabr 1939-cu ildə müharibə elan etmək qərarı ilə alman xalqının üzərinə qoyulan müharibədə Alman Reyxinin hazırkı hədəfi İngiltərənin Avropa qitəsi üzərindəki təsirini aradan qaldırmaqdır. Bu, əsrlər boyu davam edən Avropa dövlətlərinin bir-birinə qarşı oynayaraq aşındırma metoduna son qoyulması üçün şərtdir.
İngiltərənin Avropanın müxtəlif regionlarında hərbi təsir əldə etmək səyləri Almaniya Reyxini bu bölgələrdə ərazi əldə etməyə və ya siyasi xarakter daşıyan hər hansı başqa məqsədə yönəlməyən qabaqlayıcı tədbirlər görməyə məcbur edir. Bununla əlaqədar olaraq Zati-aliləri, sizə izah etmək istərdim ki, Britaniyanın yunan torpaqlarına yerləşmə istiqamətində tədbirləri getdikcə daha çox təhdid olunduğu bir vaxtda mən bu şərtlərin tələb etdiyi müəyyən müvafiq tədbirləri görmək qərarına gəldim.

Bu səbəbdən mən Bolqarıstan hökumətindən Almaniya Silahlı Qüvvələrinin bəzi bölmələrinə bu istiqamətdə müəyyən təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə icazə verməsini xahiş etmişəm.

Almaniya ilə həmişə dostluq əlaqələri olan Bolqarıstan Üçlü Paktda iştirak edərək bu əlaqələri daha da gücləndirmiş və görüləcək tədbirlərin Türkiyəyə qarşı yönəlməməsinə əmin olaraq onların həyata keçirilməsi üçün lazımi icazəni vermişdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, rəsmi olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Almaniyanın bu tədbirləri heç bir halda Türkiyənin ərazi və siyasi bütövlüyünə qarşı yönəlməyib. Əksinə, birlikdə apardığımız böyük və həyati müharibənin və ondan sonrakı ağrılı illərin xatirələrini xatırlayaraq sizə bildirmək istəyirəm ki, Almaniya ilə Türkiyə arasında həqiqi dostluğa əsaslanan əməkdaşlıq üçün gələcəkdə hər cür şəraitin mövcud olduğuna qəti inanıram.

Bunun üçün:
1) Almaniya bu bölgələrdə heç bir ərazi maraqları güdmür. Alman qoşunları Bolqarıstanı və prezident Antenosku (Rumıniyanın dövlət xadimi və hərbi lideri, Rumıniyanın marşalı – Y.X.) ilə razılaşaraq sözügedən təhlükələr aradan qaldırıldıqdan dərhal sonra Rumıniyanı tərk edəcəklər.
2) Müharibə bitdikdən sonra Avropanın yaralarını sağaltmağa başlayacaq iqtisadi inkişaf Almaniya və Türkiyəni yenidən yaxın münasibətlərə gətirəcək. Bu sahədə mühüm amil Almaniyanın təkcə öz sənaye mallarının satışında maraqlı olması deyil, həm də ən çox alıcı olmağa meylli olmasıdır.

Bunlardan başqa, hesab edirəm ki, müharibədən sonra tətbiq olunacaq yeni sərhəd sistemi heç bir şəkildə Almaniyanı Türkiyə hökumətinin hədəfləri ilə qarşı-qarşıya qoymayacaq, əksinə, iki dövlətin yaxınlaşması Türkiyə və maraqlı dövlətlərin mənafeyinə cavab verəcəkdir. Bu baxımdan mən hesab edirəm ki, Almaniya və Türkiyəni indi də, gələcəkdə də üz-üzə gətirəcək heç bir səbəb olmayacaq. Bu düşüncələri nəzərə alaraq, Bolqarıstanda irəliləyən alman qoşunlarına orada olmalarının məqsədlərinin hər hansı bir yanlış şərh edilməsinin qarşısını almaq üçün Türkiyə sərhədindən kifayət qədər uzaqda durmağı əmr etdim. Bir şərtlə ki, Türkiyə hökuməti bizi münasibətimizi dəyişməyə məcbur edəcək tədbirlər görməyə lüzum görməsin. Lakin bu cür bir vəziyyət belə Almaniyanın yunan torpaqlarına yerləşmək məqsədi daşıyan İngiltərə tədbirlərinə qarşı çıxmaq əzmini dəyişməyəcək.

Zati-aliləri, mənim bu məktubumu Almaniya ilə Türkiyə arasında münasibətləri heç bir şərtlər daxilində pisləşdirməmək, əksinə, onları hər cür formada yaxşılaşdırmaq və hətta uzaq gələcəkdə də hər iki tərəf üçün məhsuldar olacaq şəkildə hərtərəfli inkişaf etdirmək naminə səmimi arzularımın ifadəsi kimi qəbul edin.

Adolf Hitler


Teqlər: Hitler   İnönü   Tarix  





Xəbər lenti