4 illik yalan: 10 oktyabr atəşkəsi necə pozulmuşdu

      4 illik yalan:    10 oktyabr atəşkəsi    necə pozulmuşdu
  10 Oktyabr 2024    Oxunub:477
Ədalət Verdiyev
Hərbi ekspert

44 günlük Vətən Müharibəsi zamanı Ermənistan tərəfi dəfələrlə Azərbaycana qarşı dezinformasiyalar yayıb. Guya Türkiyənin “F-16” qırıcılarından istifadə etməyimiz, Yaxın Şərqdən muzdlular gətirməyimiz kimi xəbərlər tipik erməni yalanları idi. Halbuki, Azərbaycan ərazilərini öz gücü ilə azad edib və heç bir xarici qüvvəyə ehtiyacımız olmayıb. Erməni hərbi birləşmələrinin tərkibində xaricdən gətirilmiş muzdluların döyüşməsi haqda faktlar isə kifayət qədərdir.
Ermənistanın məğlub olduğunu ilk gündən yaxşı anlayırdı, buna görə də Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hüquqda təsbit olunmuş normalara uyğun şəkildə əks-hücum əməliyyatlarını uğurla həyata keçirməsinə dezinformasiyalar vasitəsilə mane olmağa çalışırdı. Lakin bu günə qədər heç bir fakt təqdim edə bilməyən Ermənistanın saxta informasiyalar üzərində qurulan təbliğatı nəticə vermədi.

Ermənistan tərəfinin ictimai-siyasi dairələrində müzakirə olunmayan bir dezinformasiya faktı mövcuddur. Söhbət 2020-ci il oktyabrın 10-da Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən atəşkəs razılaşmasının yerinə yetirilməməsinin səbəblərindən gedir.

2020-ci il oktyabrın 10-da Rusiyanın xarici işlər naziri Lavrovun vasitəçiliyi ilə onun azərbaycanlı və erməni həmkarları Bayramovla Mnatsakanyanın arasında atəşkəs razılaşması əldə olunmuşdu. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Lavrov aşağıdakı bəyanatı vermişdi:
“Tərəflər 10 oktyabr 2020-ci il saat 12:00-dan humanitar məqsədlərlə hərbi əsirlərin və digər məhbusların, həlak olanların cəsədlərinin vasitəçilik yolu ilə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun mübadiləsi üçün atəşkəs elan etmək barədə razılığa gəliblər”.

Atəşkəs təsdiqləndikdən düz iki dəqiqə sonra, saat 12:02-də Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi, nadir hallarda düz söz danışan məşhur yalançı Artsrun Hovhannisyan belə bir məlumat paylaşdı: “Bir neçə dəqiqə əvvəl Azərbaycan tərəfi Qafan şəhərinə raket hücumu həyata keçirib. Ölənlər və yaralılar var”.

Azərbaycan Müdafiə Nazirliyi dərhal xəbəri təkzib etdi: "Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır".

İlk açıqlamadan cəmi 15 dəqiqə sonra, saat 12:17-də Artsrun Hovhannisyan Qafan bölgəsinə zərbə endirilməsi ilə bağlı əvvəlki xəbərlərə aydınlıq gətirdi: “Zərbə Qafanın ətraf ərazilərinə - Yeritsvank və Artsvanik kəndi istiqamətində endirilib. Bir nəfər ölüb".

Artsrun daim dezinformasiyalarını sonradan düzəltməyə çalışırdı, amma bu dəfəki düzəltmənin özü də yalan və saxta məlumatdan ibarət oldu. Çünki:

1. Oktyabrın 10-da saat 12 radələrində atəşkəs əldə edildikdən sonra Azərbaycan tərəfindən Qafan rayonunun Artsvanik kəndi zərbə endirilməyib.

2. Azərbaycan Silahlı Qüvvələri ləyaqətsiz erməni ordusundan fərqli olaraq, nə müharibədə, nə ondan əvvəl, nə də sonra mülki əhaliyə heç bir zaman atəş açmayıb. Hədəflimiz erməni silahlıları olub, onların da dərsini lazımınca vermişik.

3. Artsrun nədənsə Qafanın Artsvanik kəndi yaxınlığında Ermənistan ordusunun hava hücumundan müdafiə kompleksi yerləşdirilməsinə toxunmur. Halbuki bu komplekslərin Azərbaycan sərhədlərinə yaxın ərazilərdə yerləşdirməsinə görə Azərbaycan tərəfindən məhv edilməsi, Gəncə və digər şəhərlərin erməni ordusu tərəfindən bombardman edilməsindən fərqli olaraq, beynəlxalq hüquq və normalarına zidd deyil.

4. Azərbaycan sərhədlərini Qafanın Artsvanik kəndi istiqamətindən keçmək istəyən hərbi təyinatlı döyüş texnikalarına preventiv zərbəni atəşkəsdən, yəni saat 12.00-dan sonra deyil, əvvəl - saat 10.10-da endirib. Bu zərbə kameralar tərəfindən qeydə alınıb və həmin vaxt video sosial şəbəkələrin erməni seqmentində yayılıb.

5. Qafan rayonun Yeritsvank kəndi istiqamətində ümumiyyətlə, partlayış müşahidə edilməyib və hətta atəş səsi eşidilməyib.

Bu faktları nəzərə alsaq, əminliklə deyə bilərik ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi atəşkəsin əldə olunmasında və davam etməsində maraqlı olmayıb. Buna görə də Azərbaycanı atəşkəsin pozulmasında günahlandırmaq üçün əvvəlcədən feyk mətnlər hazırlayıblar. Hovhannisyan yalan məlumatı atəşkəsdən cəmi iki dəqiqə sonra yaymışdı. Halbuki, ərazidən məlumatın əldə olunması, dəqiqləşdirilməsi, emal edilməsi, yuxarı komandanlığa və ölkə rəhbərliyə təqdim olunması, dərci üçün müvafiq icazənin alınması və s. kifayət qədər zaman tələb edir. Bu bir daha sübut edir ki, Ermənistan tərəfi sırf Azərbaycanı günahlandırmaq üçün əvvəlcədən hazırlaşıb. Artsrun erməni tərəfinin itki və yaralıları barədə heç vaxt bu sürətlə məlumat verməyib. Buna görə də "ən sürətli saxta xəbər müəllifi" kimi tarixə düşüb.

Əslində Azərbaycanın Müdafiə Nazirliyi bu feyk məlumatdan işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı sağlam məntiqlə istifadə edərək, hava zərbələrinin və əks-hücumun coğrafiyasını genişləndirdi. Beləliklə, Artsrun Hovhannisyan bir dəfə yalan məlumatı yayır, bununla kifayətlənmir, cəmi 15 dəqiqə sonra öz yalan məlumatını növbəti feyk ilə təkzib edr, Azərbaycan Ordusu isə düşmən qüvvələri darmadağın edərək, qarşısında qoyulan döyüş vəzifələrini yerinə yetirir.

Sonrakı atəşkəs cəhdi oktyabrın 19-da oldu. Rusiyanın vasitəçiliyi ilə atəşkəsin yaradılması təklifini bu dəfə Paşinyan rədd etdi. Əslində Nikol düz addım atdı. O yaxşı anlayırdı ki, Artsrun kimi parabeyin kadrlarla vəziyyəti dəyişmək, nəsə əldə etmək mümkün olmayacaq. Azərbaycan Cəbrayıl, Füzuli və Xudafərini azad edib, Zəngilanın azad edilməsi vaxt məsələsidir, Xocavənd istiqamətində erməni ordusu mühasirə təhlükəsi altındadır. Belə olan halda Paşinyan Rusiya prezidentinin atəşkəs təklifini rədd etdi, çünki Ermənistanın növbəti dəfə biabır olacağını istisna edə bilmirdi.

Ədalət Verdiyev
AzVision.az üçün


Teqlər: Vətən-Müharibəsi   Dezinformasiya  





Xəbər lenti